Accessibility links

Azərbaycanda “EducationUSA” məzun yarmarkası açılıb


Azərbaycanda “EducationUSA” 12-ci illik Məzun Sərgisi açılıb.

Iyunun 4-də ABŞ Səfirliyi Azərbaycan Dillər Universitetindəki Bakı Amerika Mərkəzində sərgiyə qoşulub.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir ki, tədbir perspektivli bakalavr tələbələri və məzunlar üçün ABŞ kollec və universitetlərində təhsil imkanları haqqında məlumat əldə etmək imkanı yaradıb.

Yarmarkada ABŞ-də təhsil almış azərbaycanlılar tələbələrlə söhbət etmək, sualları cavablandırmaq və Birləşmiş Ştatlarda təhsili təşviq etmək üçün ABŞ diplomatları ilə birlikdə iştirak ediblər.

Yarmarkaya ABŞ-nın 25-dən çox ali təhsil müəssisəsinin nümayəndələri, o cümlədən böyük dövlət universitetləri, icma kollecləri və liberal sənət kollecləri daxildir. Yarmarkada iştirak edən məzunlar ABŞ-da ali təhsil almaq üçün seçimləri izah edib və müxtəlif kollec və universitetlərdən danışaraq, hər bir tələbəyə ən uyğun olan məktəbi tapmaq üçün müxtəlif seçimləri araşdırmağa həvəsləndiriblər.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger tədbirdə iştirak edib.

“Mən Midlberi Kollecinin fəxri məzunuyam, lakin bu gün tanış olduğum bir çox perspektivli gənc tələbələrə dediyim kimi, ABŞ-da hansı kollec və ya universitetdə oxumasından asılı olmayaraq, Amerika təhsili ilə heç nəyin müqayisə olunmadığını görəcəklər. Təhsilin keyfiyyəti, məzunlar şəbəkəsinin gücü və Amerikada işləmək bacarığı ABŞ-də təhsil almaq üçün böyük fürsət yaradır. Amerika təhsilinin tələbələri həyat müvəffəqiyyətinə necə hazırlandığını görmək üçün sadəcə azərbaycanlı məzunlarımızın bu ölkədə tutduğu nüfuzlu mövqelərə baxmağınız kifayətdir,” səfir Litzenberger qeyd edib.

“EducationUSA” ABŞ Dövlət Departamentinin 170-dən çox ölkədə 400-dən çox beynəlxalq tələbə məsləhət mərkəzini birləşdirən şəbəkəsidir. Şəbəkə ABŞ-da akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil almaq imkanları haqqında dəqiq, hərtərəfli və aktual məlumatlar təqdim etməklə bütün dünyada tələbələrə ABŞ ali təhsilini təbliğ edir.

Bakıdakı "EducationUSA" Məsləhət Mərkəzi Beynəlxalq Təhsil üzrə Amerika Şuralarının bir hissəsidir. “EducationUSA” ABŞ-nın Bakıdakı Səfirliyinin dəstəyi ilə hər il iki yarmarkaya ev sahibliyi edir: “ABŞ Ali Təhsil Sərgisi” və “EducationUSA Məzun Sərgisi”. Bunlara əlavə olaraq, səfirlik “EducationUSA”, “Dayanıqlı Təbliğat Proqramı”nı və “Rəqabətli Kollec Klubu”nu dəstəkləyir.

Azərbaycanda ABŞ-da təhsil alan tələbələrin rəsmi statistikası aparılmır. Qeyri-rəsmi məlumatlara görə, müstəqillik dövründə ABŞ-da müxtəlif proqramlar üzrə 7 minədək azərbaycanlı təhsil alıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi #IEW2021 Beynəlxalq Təhsil Həftəsinin başlanması və Açıq Qapılar Hesabatının nəşri günü ilə bağlı yaydığı məlumatda deyilir ki, 2021-ci ildə 556 azərbaycanlı tələbə ABŞ universitetlərində təhsil alır.

XS
SM
MD
LG