Accessibility links

Prokurorluq sığınacaqdakı uşaqlarda xəsarət izləri ilə bağlı cinayət işi açıb


Bakının Bakıxanov qəsəbəsində sığınacaqda müxtəlif dövlət orqanlarının keçirdiyi monitorinqdə uşaqların bədənində xəsarət izlərinin aşkarlanması ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilir.

Bu barədə iyunun 2-də Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, həmin sığınacaqda saxlanan C.M.-nın (şərti) müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun oradakı digər azyaşlılara da zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib:

"Sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib".

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxsin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi), 133.2.1 (iki və ya daha çox şəxsə əzab vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Öz növbəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bununla bağlı rəsmi açlqlama verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib ki , işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Bu rəsmi məlumata hələlik sığınacağın rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG