Accessibility links

“Bolt” sürücüləri şirkətdən narazıdır: Bizə əsaslı arqument gətirməkdənsə, hesabımızı silirlər


“Bolt” sürücüləri şirkətdən narazıdır: Bizə əsaslı arqument gətirməkdənsə, hesabımızı silirlər
please wait

No media source currently available

0:00 0:02:11 0:00

“Bolt” nəqliyyat platformasının sürücüləri mayın 27-də mobil tətbiqi bağlayaraq boykot ediblər və işə çıxmaqdan imtina ediblər.

Sürücülər bildirir ki, bu boykotun səbəbi şirkət tərəfindən qoyulan mövcud şərtlərin onlara uyğun olmamasıdır. Boykotçular şirkət komissiyasının endirilməsi, minimal qiymətin artırılması, kartla edilən ödənişlərdə nağdlaşdırmanın asanlaşdırılmasını və digər tələblər irəli sürür.

Boykot “Bolt” sürücüsü Nicat Məmmədovun sosial şəbəkədə paylaşdığı videodan sonra başladılıb.

“Mən öz TikTok səhifəmdə elan verdim ki, hansı sürücülər bu problemlərdən narazıdır? Nömrəmi qoydum ki, mənə WhatsApp-da yazsınlar, qrupa qoşulaq, orada müzakirə edək. Gördüm ki, yüzlərlə adam mənə yazdı ki, biz etiraz etmək istəyirik, bizim bu problemlərimiz var, həll olunsun,” o deyib.

Daha sonra onlar qərara gəliblər ki, mayın 27-də 2 saat ərzində “Bolt” tətbiqini bağlayaraq boykot etsinlər.

Boykotdan sonra etiraz edən sürücülər qəribə mənzərəyə rast gəliblər. Onlar şirkətin onların hesablarını sildiyini görüblər.

“Bir çox sürücülər mənə yazdı ki, biz sürücü profilinə daxil ola bilmirik. Mən gördüm ki, həqiqətən də “Bolt” bu profilləri silib, biri var blok olunsun, amma blok olunanda orada səbəb yazılır. Amma “Bolt” bəzi sürücülərin profilini ümumiyyətlə silib. “Bolt” bunu etməklə demək istəyir ki, mən 10-15 sürücüyə bu şəkildə gözdağı verirəm, digər sürücülər də bunu görsün və növbəti dəfə etiraz etməsinlər,” - deyə, Nicat Məmmədov bildirib.

Boykotun təşkilatçısı deyir ki, “Bolt” şirkəti sürücülərin etirazına əsaslı arqument gətirməkdənsə, bu şəkildə “özbaşınalıq” edir.

“Ola bilər ki, bizim tələblərimiz əsaslı və ya əsassız olsun, amma bu sürücülərin profilini blok etməklə həll tapmır. Sən çıxıb deməlisən ki, sürücülər bu tələbi istəyir, amma bu tələbi biz buna görə edə bilmərik, yaxud yalan deyirlər. Bunların heç birini demir, durub sürücülərin profilini bloklayır,” o deyib.

Şirkətin yaydığı bəyanatda bildirib ki, komissiya və minimal gediş qiyməti baş ofis tərəfindən nizamlanan qərardır və əlavə edib ki, şərtlərlə razı olan sürücülərlə əməkdaşlığa davam edəcək.

“Təbii ki, sürücülərin gəlirlərini stabil yüksək tutmağa çalışırıq. İstifadəçi bazasını və bununla da sifariş olunan gediş saylarını artırmaqla, sürücü gəlirlərinin yüksəkliyi təmin etmək şirkətimizin marağında olan bir addımdır,” bəyanatda bildirilib.

“Bolt” şirkətinə etiraz etdikləri üçün hesabları bağlanıldığı sürücülər haqda sual ünvanlamaq istəsək də, şirkətlə əlaqə saxlamaq mümkün olmadı.

“Bolt” Azərbaycanda son illərdə populyarlaşmış nəqliyyat platformalarından biridir. Bundan əvvəl iş prinsipi bənzər olan “Wolt” və “Bolt Food” şirkətlərinin kuryerləri də daşınma xidmətinin qiymətlərinə görə etiraz ediblər.

XS
SM
MD
LG