Accessibility links

Təbrizdə qazıntı zamanı şəhərin tarixi hissəsində qədim tikililər aşkar edilib


Təbriz bazarı
Təbriz bazarı

Təbriz Bazarı ərazisində bələdiyyə tərəfindən aparılan qazıntılar zamanı şəhərin köhnə və tarixi hissəsi aşkarlanıb.

Rəsmi dövlət agentliyi İRNA-nin yaydığı xəbərə görə, bələdiyyənin Təbriz bazarı ətrafında apardığı qazıntı işinin Mədəni İrs Idarəsinin məktubunu diqqətə almadan davam etdirdiyi bildirilir.

UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış tarixi Təbriz Bazarı kompleksinin rəhbəri Hüseyn İsmayıli bu haqda mətbuata verdiyi açıqlamada deyib ki, arxeoloqların araşdırmaları Təbriz bazarı ərazisində tarixi tikililərin olduğunu göstərir.

"Bələdiyyə tərəfindən keçirilən layihə üçün aparılan qazıntı işləri Mədəni İrs İdarəsinin icazəsi və sorğusu olmadan həyata keçirilib," rəsmi əlavə edib.

Mehr xəbər agentliyi bələdiyyənin layihə işlərini dayandırmadığını yazıb. Hüseyn İsmayılı bələdiyyənin layihəni dayandırması üçün məhkəməyə müraciət olunduğunu və prokurorluq tərəfindən verilən hökm əsasında qazıntı işinin dayandırılacağını açıqlayıb.

Bundan əvvəl 2019-cu ilində yenə də bələdiyyənin Təbrizin Valman məhəlləsində keçirdiyi şəhər layihəsi əsnasında aparılan qazıntılar zamanı qədim Təbrizin bir hissəsi aşkarlanmışdı. Daha sonra Şərqi Azərbaycan Mədəni İrs İdarəsi aşkarlanan binaların tarixi dəyəri olmadığını bildirərək, onların saxlanılmasına ehtiyac olmadığını bildirmişdi.

Mayın 22-dən etibarən qazıntılar zamanı aşkarlanan qədim Təbriz tikililərinin üzə çıxmasına baxmayaraq, şəhər layihəsinin dayandırılmaması sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub. Rəsmilərin yaxın günlərdə bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir.

Təbriz tarix boyu bir çox dövlətlərin paytaxtı olduğu üçün zəngin tarixi-mədəniyyət abidələrinə malikdir. Amma ümumilikdə şəhərin bu qədim və tarixi abidələrinin qorunub saxlanması üçün rəsmi qurumlar tərəfindən lazımi qayğı göstərilmədiyi qeyd edilir. Şərqi Azərbaycan rəsmilərinin dediyinə görə, Təbrizin qədim binalarından cəmi 10 faizi qalıb.

Azərbaycan milli hərəkatının bəzi fəalları hesab edir ki, İran Azərbaycanında və xüsusilə Təbriz şəhərində tarixi abidələrin dağıdılması sistemli xarakter daşıyır.

XS
SM
MD
LG