Accessibility links

Pentaqon rəhbəri: 20 ölkə Ukraynaya yeni təhlükəsizlik yardımı göndərir


ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukrayna Müdafiə Təmas Qrupunun ikinci iclasını yekunlaşdırdıqdan sonra bildirib ki, təxminən 20 ölkə Ukraynaya yeni təhlükəsizlik yardım paketləri göndərir.

Austin Pentaqonda jurnalistlərə deyib ki, bir çox ölkə çox ehtiyac duyulan artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və digər zirehli maşınlar bağışlayır. Digərləri Ukrayna qüvvələrinin təlimi və hərbi sistemlərinin saxlanması ilə bağlı yeni öhdəliklər götürüb.

Danimarka Ukrayna qüvvələrini Harpoon buraxılış qurğusu və raketlərlə təmin edəcəyini, Çexiya isə hücum helikopterləri, tanklar və raket sistemləri bağışlayacağını bildirib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ABŞ-ın yüksək səviyyəli hərbi zabiti general Mark Millinin sözlərinə görə, bazar ertəsi keçirilən iclasa virtual olaraq 47 ölkə qatılıb.

Avstriya, Kolumbiya və İrlandiya yeni iştirakçılar arasında olub. Qrupun növbəti iclası iyunun 15-də Brüsseldə keçiriləcək.

"Burada hamı bu müharibənin risklərini anlayır və onlar Avropadan çox-çox uzaqlara uzanır" , Ostin deyib.

ABŞ prezidenti Co Bayden bazar ertəsi deyib ki, Rusiya prezidenti Vladimir Putin "Ukraynada barbarlığının bədəlini ödəməlidir".

Yaponiyaya səfəri zamanı Bayden Rusiyaya uzunmüddətli sanksiyalarla mesaj göndərilməsinin vacibliyini qeyd edib.

"Əgər əslində, onun etdiyi hər şeydən sonra ukraynalılarla Rusiya arasında yaxınlaşma varsa və sanksiyalar bir çox cəhətdən davam etdirilmirsə, o zaman bu, Çinə Tayvanı zorla ələ keçirmək cəhdi ilə bağlı hansı siqnalı verir?" , Bayden bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda dünya liderləri və biznes rəhbərlərinə müraciətində Rusiyanın ölkəyə hərbi müdaxiləsindən sonra dönüş nöqtəsi ilə üzləşdiklərini və Moskvaya qarşı sanksiyaları gücləndirməyin vaxtının çatdığını bildirib.

Dünya və biznes liderləri koronavirus pandemiyasından bir qədər əvvəl, 2020-ci ilin yanvarından bəri ilk dəfədir Davosda bir araya gəlirlər. Onlar indi Ukraynada müharibə, iqtisadi böhranlar və ərzaq qıtlığı kimi çoxsaylı problemlərlə qarşılaşmış xeyli dəyişmiş dünyada fəaliyyət göstərirlər.

Ukrayna prezidenti Kyivdən videobağlantı vasitəsilə nümayəndələrə müraciət edib. O, Rusiyaya qarşı "maksimum sanksiyalar" tələb edib.

"Rusiya neftinə embarqo, istisnasız olaraq bütün Rusiya banklarının tam blokadası. Rusiyanın İT sektorundan tamamilə imtina etmək və təcavüzkarla ticarəti tamamilə dayandırmaq... Rusiyanın xüsusi silahlardan, kimyəvi, bioloji, tanrı qorusun, nüvə silahlarından istifadəsini gözləməyin" - deyə, Zelenski Davosda çağırış edib.

Zelenski video-müraciətində bildirib ki, Rusiya müharibənin təxminən üç ay əvvəl başlamasından bəri Ukraynaya təxminən 1500 raket zərbəsi endirib. Onun sözlərinə görə, 1474 raket zərbəsinin böyük əksəriyyəti mülki hədəflərə qarşı olub.

Bu arada Ukrayna məhkəməsi bazar ertəsi ölkənin şimal-şərqindəki Sumı kəndində ukraynalı mülki vətəndaşı öldürən rus əsgəri ömürlük həbs cəzasına məhkum edib.

21 yaşlı əsgər günahını boynuna alıb və məhkəmədə zabitin adamı güllələməyi əmrindən sonra hərəkətə keçdiyini deyib.

Rusiya mülki insanları hədəf aldığını inkar edir. Kremlin sözçüsü bazar ertəsi hökmdən əvvəl deyib ki, Moskva məhkəmədən narahatdır və "öz maraqlarını şəxsən müdafiə etmək imkanına malik deyil".

XS
SM
MD
LG