Bu gün, mayın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Caspian Agro Kənd Təsərrüfatı Sərgisində iştirak edib. O, səkkiz innovativ ABŞ şirkətinin öz məhsul və texnologiyalarını nümayiş etdirdiyi ABŞ Pavilyonunu ziyarət edib.
ABŞ Səfirliynin məlumatna görə, ABŞ şirkətləri fermerlər və digər bazar iştirakçılarının biznes tərzini dəyişdirən kənd təsərrüfatı və suvarma sahələrində qabaqcıl texnologiyalar işləyib hazırlayıb və istehsalını həyata keçirir.
Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.
"Caspian Agro" Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Bu ilki sərgidə 101 yerli, 348 xarici şirkət olmaqla, ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir.
Bu il "Caspian Agro" sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən "Smart Agro" istiqamətini təqdim edir.
Sərgi çərçivəsində "Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği" mövzusunda konfrans keçirilib.