Accessibility links

Dəmiryol bələdçiləri əmək haqlarının azlığından şikayətçidir


Mayın 16-da bir qrup dəmiryol bələdçisi "Azərbaycan Dəmir Yolları" QSC-nin binası qarşısında etiraz aksiyası keçirib. Bələdçilər əmək haqlarının az olmasına etiraz edib.

Aksiya iştirakçısı Təranə Hümbətova bildirib ki, 32 ildir bələdçi vəzifəsində çalışır.

"Pandemiya olan vaxtı bizi işdən çıxardılar və 329 manat maaş verirdilər. Bu iki il ərzində hamının maaşı artdı, bizimki artmadı. İki aydır maaşımızı artırıb 372 manat ediblər, amma indi çağırıb deyirlər ki, məbləğin üçdə ikisini alacaqsınız. Məcburi qol çəkdirdilər. İndi 200-250 manata yaşayan var? Burada toplaşanların hamısının uşaqları var, kreditləri var, kirayədə qalanı var," o qeyd edib.

Şikayətçilər deyir ki, Prezidentin də sərəncamı olub ki, pandemiyaya görə, işləməyən işçilərin əməkhaqqına toxunulmasın.

"Burada məqsəd bəzi bələdçilərin yerinə özlərinə yaxın şəxsləri işə qəbul etməkdir."

Şikayətçilərin qarşısına özünü "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov kimi təqdim edən şəxs çıxıb. O, deyib ki, bu addım "Əmək Məcəlləsi"nə uygun atılıb.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı dəmir yolunda boşdayanmalar yaranıb.

"Əməkdaşlar iki il ərzində əməkhaqlarını tam alıblar, indi isə, yəni mayın 1-dən boşdayanmaya cəlb ediliblər."

Elyar Muradov bildirib ki, boşdayanma dövründə "Əmək Məcəlləsi"nə uygun olaraq əmək haqqının üçdə ikisi ödənilir.

O deyib ki, "Əmək Məcəlləsi"nə uygun olaraq onlar əvvəl 370 manat alırdılarsa, indi əmək haqları 248 manat müəyyən edilib.

Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib və aksiya iştirakçıları qəbul edilib.

XS
SM
MD
LG