Accessibility links

“Necə olur ki, universitetdəki rüşvətdən hər kəsin xəbəri var, amma bir Təhsil Nazirliyinin xəbəri yoxdur?”


“Necə olur ki, universitetdəki rüşvətdən hər kəsin xəbəri var, amma bir Təhsil Nazirliyinin xəbəri yoxdur?”
please wait

No media source currently available

0:00 0:06:01 0:00

Mayın 5-i Tələbə Güc Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında aksiya keçirərək, təhsil sistemindəki bir sıra problemlərin həll edilməsini tələb ediblər. Aksiya iştirakçıları bəyanatlarını oxuduqdan və jurnalistlərin suallarını cavablandırdıqdan sonra Təhsil Nazirliyinin rəsmisi ilə görüşə dəvət ediliblər. Tələbə Güc Mərkəzinin sədri Fərid İmanova keçirilən aksiyanın məqsədi, ölkədəki təhsillə bağlı müşahidə etdikləri problemlər və Təhsil Nazirliyi nümayəndəsi ilə görüş haqda suallarımızı ünvanladıq.

- Fərid, Təhsil Nazirliyinin önündə aksiya edərkən bəyanatda səsləndirdiniz ki, universitetlərdə despotizm hökm sürür. Despotizm deyərkən konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Biz despotiya deyəndə bir çox məsələni nəzərdə tuta bilərik. Müxtəlif məsələlərə görə diskriminasiya olur, siyasi baxışlarına görə... Siyasi baxış olmasa belə, fərqli baxışlarına görə. Məsələn, Bakı Dövlət Universitetində bir tələbə var idi - Esmira Hacıyeva. Feminist baxışlarına görə diskriminasiyaya məruz qalmışdı və Bakı Dövlət Universiteti rəhbərliyi bununla bağlı heç bir addım atmamışdı. Məsələyə biz qarışdıqdan sonra, bu məsələ ictimailəşdikdən sonra həmin məsələ ilə bağlı addım atmağa məcbur oldular.

Bir də, siyasi baxışlarına görə diskriminasiyaya məruz qalan tələbələr vardı. Bu artıq təbii ki, birbaşa Təhsil Nazirliyindən deyil, Azərbaycan hökumətindən asılıdır. Çünki Azərbaycanda siyasi baxışına görə təkcə tələbələr deyil, bütün xalq diskriminasiyaya məruz qalır. Amma biz orada səsləndirəndə təbii ki, universitetdəki despotiyanı, diskriminasiyanı nəzərdə tutmuşduq. Çünki bir tələbə, ən primitiv şəkildə hər hansı tənqidi “status”-una görə belə universitet tərəfindən, dekan tərəfindən, hətta prorektor tərəfindən müəyyən təhdidlər və tənqidlərlə üzləşir və bu da onu müəyyən qədər psixoloji cəhətdən yora bilər.

“Tələbə “status” yazdığına görə universitet tərəfindən təhdidlərlə üzləşir”
Fərid İmanov, Tələbə Güc Mərkəzinin sədri

Diskriminasiya bir çox hallarda mövcuddur. Dininə görə diskriminasiyaya məruz qalan tələbələr var idi. Bizə bir şikayət gəlmişdi ki, hicab taxdığına görə ateist müəllimi onun 2 balını kəsmişdi. Rəhbərliyə nə qədər şikayət etsə də, bu məsələ ilə bağlı həmin o müəllimin, “arxası güclü” olduğu üçün onunla bağlı heç bir addım atılmamışdı.

Oriyentasiyasına görə diskriminasiyaya məruz qalan tələbələr vardı. Məlumdur ki, Azərbaycanda da bu vəziyyət mövcuddur, oriyentasiyası fərqli olan insanların müdafiəsi hətta konstitusiyada belə qeyd olunmayıb. Çünki onların müdafiəsi, hətta dövlət tərəfindən konstitusiyada qeyd olunan bir məsələ belə yoxdur ki, bir maddə belə yoxdur ki, onlar ən azından özlərini müdafiə edə bilsinlər, dövlət tərəfindən müdafiə alınsınlar. Bu məsələ ilə bağlı oriyentasiyası fərqli olan tələbələr həm ətrafındakı tələbələr tərəfindən, bəzən də rəhbərlik tərəfindən diskriminasiyaya məruz qalırlar. Yəni bu məsələlər açıldıqda biz görərik ki, həqiqətən də universitetlərdə despotiya hökm sürür.

- Təhsil Nazirliyindən sizə əməkdaşlıq təklif olunub. Konkret olaraq bu əməkdaşlıq nədən ibarətdir, bu əməkdaşlığa sizin cavabınız nə oldu?

- Bizim fikirlərimizi və problemlərimizi dinlədilər. Otaqda bir neçə məsul şəxs, həm də ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs [Cəsarət Valehov] idi bildiyim qədərilə. Bizimlə söhbət etməyə başladı ki, “biz universitetlərdəki problemləri həll edirik”, amma bizim suallarımız təəssüf ki, cavabsız qaldı. Necə olur ki, universitetlərdə bayaq saydığım despotiya hökm sürür? 2016-cı ildən 2021-ci ilin statistikasına əsasən, 5 minə yaxın tələbə ödəniş probleminə görə universitetdən xaric edilib. Amma həmin o aralıqda hökumət mənasız layihələrə, Formula1 yarışlarına, mənasız tikintilərə pul ayırıb və korrupsiya ilə məşğul olub. Həmin o 5 min tələbənin təhsilinin hansı yerdə qaldığı bu dəqiqə məlum deyil. Həmin o tələbələrin arasında müəllimlər var idi, gələcəyin hüquqşünasları, vəkilləri var idi, amma bununla bağlı dövlət heç bir addım atmadı.

“Ödəniş probleminə görə xaric edilən 5 min tələbə arasında gələcəyin müəllimləri, vəkilləri var idi.”
Fərid İmanov, Tələbə Güc Mərkəzinin sədri

Əməkdaşlıq təklifi bu oldu ki, gəlin “Bir könüllü” hərəkatında və ya bizimlə ortaq işləyin, biz sizə əlavə şərait yaradaq, bizi manipulasiya etmək üçün bizə bildirdilər ki, bizim sizin kimi tələbələrə ehtiyacımız var. Biz də istəyirik ki, universitetlərdəki problemlər həll olunsun, sizin saydığınız diskriminasiya və despotiya halları olmasın. Biz qeyd etdik ki, bundan Təhsil Nazirliyin və dövlətin xəbəri vardı. Məsələn, Sumqayıt Dövlət Universitetindəki rüşvət halları və ümumiyyətlə oradakı situasiyadan hər kəs xəbərdardır, hətta müəllimlər də. Ora sənəd verən abituriyentin də xəbəri var rüşvət hallarından, amma bir dənə Təhsil Nazirliyinin xəbəri yoxdur? Bu necə fəaliyyətdir ki, həmin o vəziyyəti görür, amma ki, bununla bağlı addım atmır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində bizim Tələbə Güc Mərkəzinin İdarə Heyəti üzvü Şəms Əbdülrəhimli müəllimi tərəfindən təhqir olundu, açıq şəkildə, video da var idi. Bununla bağlı Təhsil Nazirliyi hansı addımı atdı? Bizə bildirirlər ki, gəlin "Bir könüllü" və ya digər özlərinin yaratdığı tələbə qrupları ilə birgə fəaliyyət göstərin. Hansı fəaliyyətiniz var? Bir fəaliyyət yoxdur ortada. Təhsil Nazirliyinin fəaliyyətsizliyi üzündən bu illər ərzində universitetlərdə və digər təhsil müəssisələrində, məktəblərdə də bu vəziyyət var. Məktəblərdə təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Repetitor yanına getməyən abituriyent yoxdur demək olar ki.

Bizə bildirdilər ki, gəlin əməkdaşlıq edək, biz də bildirdik ki, gəlin biz əvvəlcə danışaq problemləri, biz aksiyadan sonra həmin problemləri danışdıq. Bunları həll etməkdə maraqlıdırlarsa, əlbəttə ki, həll edə bilərlər, biz onlara problemləri deyərik. Amma bizim bir könüllü hərəkatı və ya digər özlərinin yaratdığı tələbə hərəkatlarına qoşulmaq, bizim müstəqilliyimizə və ümumiyyətlə subordinasiya qaydalarımıza ziddir. Çünki biz müstəqil tələbə təşkilatıyıq, biz heç bir yerə, iqtidara bağlı olan tələbə təşkilatı deyilik. Əgər bizimlə əməkdaşlığa və ümumiyyətlə problemlərin həllində maraqlıdırlarsa, bəli, biz danışa bilərik.

Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov aksiya günü etirazçıların səsləndirdiyi tələblərlə bağlı suallarımıza cavablandırmaqdan imtina edib.

XS
SM
MD
LG