Accessibility links

Kağız işi azalır, bəs iş tapılacaqmı?


Mayın 5-də "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) istifadəyə verilib. Rəsmilər bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu elektron sistemi işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.

Bəs həmin sistem ölkədə işsizliyin problemini nə dərəcədə həll edəcək?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci il aprelin 1-də iqtisadi fəal əhalinin sayı 5 milyon 307.1 min nəfər olub. DSK-nın vurğulamasına görə, onlardan 4 milyon 991.7 min nəfərini məşğul, 315.4 min nəfərini və ya 5.94 faizini işsiz əhali təşkil edib.

"Kağız üzərində aparılan əməliyyatların…"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycanda bu sistem əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidini təmin edəcək: "Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur".

"Kadr axtarışında yeni reallıq formalaşacaq"

Dövlət Məşğulluq Agentliyindən isə "Turan"a deyilib ki, "Əmək və Məşğulluq" altsistemi vasitəsilə 100 minə yaxın vakansiya real vaxt rejimində toplanacaq və bu, imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar: "Yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq. Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında yeni yanaşma olacaq. Sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minimuma endiriləcək".

Vurğulanıb ki, toplanan məlumatlar əsasında gələcəkdə əmək bazarının təhlilləri aparılacaq.

"Boş iş yeri varsa, ora işçi tapmaq çətin deyil"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, bu işin elektronlaşması yaxşıdır: "Amma Azərbaycanda problem o deyil. Əgər hər hansı işçiyə ehtiyac varsa, Azərbaycanda həmən başqa "şəbəkələr" işə düşür. Tanışlıq, müxtəlif şəxsi tövsiyələr vasitəsilə işçi tapılır və boş iş yeri varsa, ora işçi tapmaq çətin deyil. Sadəcə, Azərbaycanda boş iş yerlərinin sayı işaxtaranların sayından qat-qat azdır".

Natiq Cəfərli
Natiq Cəfərli

Onun fikrincə, Azərbaycanda işsizliklə bağlı statistik məlumatların özü yanlış alqoritmlə hesablanır: "Bizdə, rəsmi rəqəmlərə görə, cəmi 5.8 faiz işsiz var. Amma bu, yalnız o şəxslərdir ki, özləri rəsmi müraciət ediblər və qeydiyyata alınıblar. Bu sistemin özü artıq köhnəlib və doğru sistem deyil".

"Yerdə qalan 4 milyonun…"

İqtisadçının əlavə etməsinə görə, ABŞ-da həftənin hər dördüncü günü işsizlik rəqəmləri avtomatik olaraq açıqlanır: "Qeydiyyatda olan iş yerləri onlayn şəkildə görünür və kim işdən çıxırsa, sistem avtomatik olaraq onu görür və hesablayır. Bizdə isə muzdla çalışanların sayı 1.7 milyondur, əməkqabiliyyətli əhalinin sayı isə 5 milyondan çoxdur. O yerdə qalan 4 milyona yaxınının hər hansı formada qeydiyyatının aparılması formal olaraq görünür, amma reallıqda onların işsiz olduğu və ya qeyri-rəsmi çalışdığı barədə dəqiq məlumat yoxdur".

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda ilk növbədə işsizlərin dəqiq sayının aparılmasına ehtiyac var.

XS
SM
MD
LG