Accessibility links

Urmiyə şəhər şurasının sabiq və hazırki 23 üzvü haqqında ittihamnamə hazırlanıb


Urmiyə bələdiyyəsində rüşvət və korrupsiya işi ilə əlaqədar mühakimə edilən 101 müttəhimdən 84-ü haqqında ittihamnamə hazırlanıb.

Yarı-rəsmi Mehr agentliyinin Qərbi Azərbaycan Ədliyyə İdarəsinə istinadən yaydığı xəbərə görə, barələrində ittihamnamə hazırlanan 84 nəfərdən 23-ü Urmiyə şəhər şurasının sabiq və hazırki üzvü, 35 nəfəri isə Urmiyə bələdiyyəsinin vəzifəli şəxsləridir.

Ədliyyə idarəsinin rəisi Nasir Ətəbati haqlarında ittihamnamə hazırlanan şura üzvləri və vəzifəli şəxslərin vəzifədən uzaqlaşdırılacağını bildirib.

Keçən təqribən 2 ilin ərzində Urmiyə bələdiyyəsində rüşvət və korrupsiya halları ilə əlaqədar bir neçə dəfə həbslər baş verib. 2021-ci ilin yanvar ayında xəbər agentlikləri dönəmin bələdiyyə başqanı Məhəmməd Həzrətpurun saxlandığına dair xəbər yaymışdılar.

Son illərdə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib.

İran bələdiyyələrində korrupsiya hallarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Qvardiyasına (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmir.

XS
SM
MD
LG