Accessibility links

Ictimai fəal Bəxtiyar Hacıyev oğurlanaraq işgəncə və təhqirlərə məruz qaldığını bildirib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev naməlum şəxslər tərəfindən oğurlanaraq işgəncələrə və təhqirə məruz qaldığını bildirib. O bu gün daxili işlər naziri Vilayət Eyvazov tərəfindən qəbul edilib. Müxalifətdə olan siyasi partiya liderləri ictimai fəalın oğurlanmasının sifarişçisinin mövcud iqtidar olduğunu deyib.

Bəxtiyar Hacıyev Facebook səhifəsində yazıb ki, aprelin 21-də Bakı vaxtı ilə saat 23 radələrində avtomobilinə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstünə hücum çəkib. Elə həmin anda 4 nəfər qara maskalı şəxs onu zorla maşına əyləşdirərək, başına qara torba keçirib naməlum istiqamətdə aparıb.

“Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar.

Bir müddət getdikdən sonra məni düşürüb başqa maşına keçirdilər. Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Vilayət Eyvazovla (daxili işlər naziri) bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər. Mən "Allahınız olsun" deyəndə müqəddəs Ramazan ayında Allaha qarşı çox təhqiramiz söyüşlər söydülər. "Allahı saymırsınızsa, İlham Əliyevin xətrinə" deyəndə isə təhqiramiz hərəkətlərini davam etdirdilər. Bütün prosesin Go-Pro vasitəsilə çəkilişini edirdilər. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər. Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir yük avtomobilinin gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Bakının Ramana qəsəbəsi olduğunu dedi,” o qeyd edib.

AXCP sədri və Milli Şuranın funksionerləri Bəxtiyar Hacıyevin ofisində.
AXCP sədri və Milli Şuranın funksionerləri Bəxtiyar Hacıyevin ofisində.

İctimai fəal hesab edir ki, baş verən hadisə dövlət səviyyəsində cinayətkarlıqdır, mafiya davranışıdır, bütün mənəvi, insani dəyərlərin aşılmasıdır.

“Bununla bağlı mən dünən bir neçə rəsmi şəxsə və qurumlara müraciət etdim. Mənə ölkə rəhbərinin məsələdən məlumatlı olduğu bildirildi. Dünən deyildi ki, Vilayət Eyvazov sizinlə görüşəcək, bu hadisənin DİN tərəfindən həyata keçirilmədiyi barədə məlumat veriləcək. Xahiş edildi ki, səbrli olum və nazirin mövqeyini gözləyim. Mən də gözlədim.”

Onun sözlərinə görə, aprelin 23-də daxili işlər naziri Vilayət Eyvazovla görüşü olub.

“Iki saatdan artıq davam edən görüşdə Daxili İşlər Nazirliyi (DİN) ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu. Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi.

Mən də cinayətkarlar tapılmayana, cəzalanmayana qədər bu günə qədər baş vermiş bütün hadisələrin, o cümlədən son hadisənin sifarişçi və icraçıları olaraq DİN-i görəcəyimi, bundan sonra da başıma gələcək hadisələrlə bağlı DİN-nin məsuliyyət daşıyacağını bildirdim,” o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib.

“Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb,” Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Bəxtiyar Hacıyevə qarşı edilənlər dövlət səviyyəsində terrordur.

“Ona qarşı bu cinayət heç şübhəsiz ki, rejim tərəfindən, öncədən planlaşdırılaraq törədilib. Bu insanlıq əleyhinə cinayət cavabsız qalmamalıdır. Azərbaycan cəmiyyəti bu ləyaqətsiz hərəkətə daha çox birləşməklə, kriminal rejimi ifşa etməklə və ölkənin bu kriminal hakimiyyətdən qurtuluşunu tezləşdirməklə cavab verməlidir,” Kərimli qeyd edib.

Kərimli hesab edir ki, rejimin Bəxtiyar Hacıyevə qarşı törətdiyi cinayət tək ona qarşı törədilmiş cinayət deyil

“Həm də ölkənin demokratik qüvvələrini, bütövlükdə cəmiyyəti qorxutmaq və susdurmaq cəhdidir. Bizim cavabımız isə daha çox birləşmək, daha yaxşı təşkilatlanmaq, daha sərt tənqid etmək və birgə səylərimizlə ölkəni kriminal rejimdən xilas etməyi sürətləndirmək olmalıdır,” o qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Bəxtiyar Hacıyevin oğurlanaraq işgəncəyə məruz qalması adi cinayət hadisəsi deyil.

“Bu ictimai-siyasi fəaliyyətinə görə ona qarşı uzun müddət, davamlı olaraq aparılan təqib və təzyiq kampaniyasının tərkib hissəsidir. Bəxtiyar Hacıyevə və digər siyasi fəallara qarşı təqib kampaniyalarına son qoyulmalı, bu ağır cinayəti törədənlər dərhal tapılaraq cinayət məsuliyyətinə cəlb edilməlidir,” o qeyd edib.

XS
SM
MD
LG