Accessibility links

Təbrizdə güclü toz-torpaq dumanı


Təbrizin səmasında son günlər güclü şəkildə tozlu hava şəraiti müşahidə olunub.

Yerli xəbər portallarının yaydığı məlumata görə, İranın qərbi qonşu ölkələrindən toz kütləsi ölkənin şimal-qərb, qərb və cənub-qərb bölgələrinə keçərək bu bölgələrdə havanın keyfiyyətinin və habelə görmə qabiliyyətinin azalmasına səbəb olub.

Sosial media istifadəçiləri Urmiyə gölünün quruması nəticəsində duz yataqlarının fırtınalarla şəhərlərə keçməsi barədə narahatlıqlarını ifadə edirlər.

Milli Hava Riskinin Proqnozlaşdırılması və İdarə Edilməsi Mərkəzinin rəhbəri Sadıq Ziyaiyan Təbrizdə toz dumanının və qeyri-sağlam hava şəraitinin yaranmasının səbəbini İraqdan gələn küləklər və lokal toz-torpaqların vilayətə keçməsi olduğunu qeyd edib. Ölkə üzrə 18 vilayətdə tozlu hava şəraiti qeydə alınıb.

Yarı-rəsmi İSNA xəbər agentliyi toz dumanının ölkəyə keçməsi ilə birgə Urmiyə gölünün quruması nəticəsində duz fırtınası təhlükəsinə toxunub. Bu barədə Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari-Sərraf yaxın gələcəkdə Təbriz və Şərqi Azərbaycan vilayəti əhalisi üçün Urmiyə gölü sahəsindən qalxan duz fırtınalarının faciə yarada biləcəyi haqda xəbərdarlıq verib.

Sari-Sərrafın dediyinə görə, Təbrizdə toz-torpaqlı hava şəraitinin səbəbini Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdən gələn fırtınalarla yanaşı Urmiyə gölü sahəsindən qalxan duz fırtınalarının olduğunu da qeyd edib.

"Səudiyyə Ərəbistanı və İraqdan başlayan fırtınalar toz fırtınaları olaraq Urmiyə gölündən keçərək güclənir, beləliklə toz fırtınaları duzlu toz fırtınalarına çevrilərək Təbrizə çatır"- deyə, ekspert izah edib.

Bu duzlu toz fırtınalarının bölgədəki bitki həyatını məhv etməklə yanaşı, insanlar üçün xroniki və ağciyər xəstəliklərinin çoxalmasına səbəb olacağı haqda ətraf mühit fəalları və ekspertləri uzun zamandan bəri xəbərdarlıq edirlər.

Mehr xəbər agentliyi aprelin 10-da Təbriz səmasından bir video-görüntü yayımlayaraq toz dumanı hava şəraitinin bitdiyini bildirib. Lakin ekspertlər tərəfindən bundan sonra daha pis vəziyyətin gözlənildiyi və fırtınalarla gələn duz kütlələrinin bölgənin iqliminin daha da qurumasına səbəb olacağı təxmin edilir.

XS
SM
MD
LG