Accessibility links

Siyasi məhbus Abbas Lisani Təbrizdə əməliyyat olunub


İran Azərbaycanında hazırda müalicə məzuniyyətində olan tanınmış siyasi məhbus Abbas Lisani lomber disk əməliyyatı keçirib.

2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında 15 illik həbs cəzasını çəkməkdə olan türk fəal tibbi ekspert komissiyasının təsdiqi ilə fevralın 13-də məzuniyyətə çıxlb.

Amerikanın Səsinin fəalın yaxınlarından əldə etdiyi məlumata görə, Lisani aprelin 9-da Təbrizin Vəliəsr xəstəsanasında əməliyyat olunub. O, həkimin tövsiyəsinə əsasən təqribən bir ay tam istirahətdən sonra yenidən müayinə ediləcək.

2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan Lisani həmin ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində 8 il həbs və İranın Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi. Türk fəal Apellyasiya Məhkəməsinə müraciət edərək ilkin məhkəmənin çıxardığı qərara etiraz bildirdi. Siyasi fəalın şikayətinə baxan Ərdəbil Apellyasiya Məhkəməsi onun ilkin məhkəmədə bəraət qazandığı bir ittihamı yenidən dosyeyə əlavə edərək, həbs cəzasını 8 ildən 15 ilə artırdı. Lisaninin İran Ali Məhkəməsinə müraciəti isə 2020-ci ilin iyul ayında rədd edildi.

Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə keçən illərdə dəfələrlə həbs və mühakimələrə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

XS
SM
MD
LG