Accessibility links

Samir Kazımlı: Azərbaycanda insan haqlarının pozulma halları Amnesty International-ın hesabatındakından çoxdur


Samir Kazımlı
Samir Kazımlı

Amnesty International hüquq-müdafiə təşkilatı illik hesabatında qeyd edir ki, Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı təqib və təzyiqləri davam etdirir.

Təşkilat qeyd edir ki, dinc etiraz aksiyaları zorakılıqla dağıdılır. Əsassız məhdudiyyətlər insan hüquqları müdafiəçilərinin və QHT-lərin işini ləngitməkdə davam edir.

Gender zəminində zorakılıq, işgəncə və digər pis rəftar halları geniş şəkildə yayılmış olaraq qalır.

Hüquq müdafiəçisi Samir Kazımlı hesab edir ki, insan hüquqlarının durumunun əhatəli araşdırılması üçün beynəlxalq təşkilatlar ölkəyə buraxılmalıdır.

Samir Kazımlı: Azərbaycanda insan haqlarının pozulma halları Amnesty International -ın hesabatındakından çoxdur
please wait

No media source currently available

0:00 0:03:05 0:00

“Təbii ki, insan haqları ilə bağlı ciddi problemlər hələ də qalır. Amnesty International hüquq-müdafiə təşkilatının illik hesabatına gəlincə isə yaxşı olardı bu təşkilatlar hakimiyyət tərəfindən Azərbaycana buraxılardı. Onda daha əhatəli hesabat olardı. Qeyd edim ki, insan haqlarının pozuntusu ilə bağlı bir çox məsələlər ictimailəşdirilmədiyi üçün, eyni zamanda bu təşkilatların Azərbaycana gəlmədiyi üçün, Azərbaycan vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırıldığı üçün xeyli insan hüquqları pozuntularını biz aşkarlaya bilmirik. Ona görə də ölkədə insan haqlarının pozulma halları bu sənədlərdə əks olunandan çoxdur."

Samir Kazımlının fikirncə, hazırda ölkədə bütün sahələrdə insan hüquqlarının pozulması halları müşahidə edilir.

“Əsasən sərbəst toplaşmaq azadlığı pozulur. İfadə azadlığı pozulur. Qadın hüquqları ilə bağlı, mülkiyyət hüquqları ilə bağlı, təhsil hüquqları ilə bağlı. Yəni dövlətdə pis idarəetmə olduğu üçün bütün sahələrdə bu pozuntular baş verir."

O, qeyd edib ki, insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatların tövsiyyələri diqqətə alınmalıdır.

“Təbii ki, Amnesty International təşkilatı böyük bir təşkilatdır. Onun hesabatı bütün dünyada yayılır. Normal hakimiyyətlər istəməz ki, bu hesabatlarda adları mənfi halda çəkilsin. Bu problemlər aradan qaldırılmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu siyasəti həyata keçirmir, əksini edir. Bu təşkilatlarla əməkdaşlığı qurmur. Bu təşkilatların qaldırdığı problemləri aradan qaldırmır. Əlbəttə problemləri aradan qaldırmaq üçün təşkilatlar Azərbaycana buraxılmalıdır. Bu hesabatlar davam etməlidir, daha da peşəkar formada, əhatəli formada. Nə qədər ki, bu problemlər aradan qaldırılmayıb, ona qədər davam etməlidir."

Azərbaycan hakimiyyəti nə deyir?

Azərbaycan hakimiyyəti hələlik Amnesty İnternsational-ın hesabatına münasibət bildirməyib. Amerikanın Səsinin bununla bağlı Ədliyyə Nazirliyinə ünvanladığı sorğuya hələ cavab verilməyib.

Bakının mənzərəsi
Bakının mənzərəsi

Ancaq hökumət bir qayda olaraq beynəlxalq təşkilatların bu kimi tənqidlərini qəbul etmir. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin edildiyini bildirir.

XS
SM
MD
LG