Accessibility links

Bakıda külək fəsadlar törədib, xəsarət alanlar var


Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Öz növbəsində, hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Rəsmi məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.

Abşeron Rayon Təhsil Şöbəsinin məlumatına görə, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. Belə ki, aprelin 4-də güclü külək nəticəsində 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar yol nəqliyyatı hərəkəti iştirakçılarına müraciət edərək, həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı və diqqətli olmağa çağırıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcəyi, aprelin 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

XS
SM
MD
LG