Accessibility links

Jurnalistin həyat yoldaşı “İşgəncəyə son!” şüarı ilə aksiya keçirib


Gülmirə Aslanova
Gülmirə Aslanova

Aprelin 4-də həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Bakıda Penitensiar Xidmətin binası qarşısında “İşgəncəyə son!” şüarı ilə aksiya keçirib.

Gülmirə Aslanova bildirib ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan həyat yoldaşı kamera yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalıb. O cəzaçəkmə müəssisəsində işgəncəyə son qoyulmasını tələb edib.

“Polad Aslanov mənimlə görüşdüyü zaman onun üzü şişmişdi, üzündə və boğazında dırnaq izləri var idi. Həyat yoldaşım dedi ki, onu kamera yoldaşı döyüb. Poladın hər bir hərəkətinə kamera yoldaşı sərt reaksiya verir. Cəzaçəkmə müəssisəsinin rəisi bildirdi ki, belə bir hadisə olub, Poladın günahı olmayıb, həmin məhbusu cərimə təcridxanasına salıblar.”

Aslanaova hesab edir ki, həyat yoldaşına qarşı fiziki təzyiqlər qəsdən edilir.

“Çünki bu birinci dəfə deyil. Polad Aslanov cəzaçəkmə müəssisəsinin rəhbərlərinin əlaltısı olan şəxs tərəfindən döyülüb. Mən cəzaçəkmə müəssisəsinin rəısindən xahiş etdim ki, Poladı döyən məhbusun əməli cərimə kamerasına salınmaqla adekvat deyil. Çünki, o cərimə təcridxanasından çıxandan sonra Polada qarşı yenə fiziki təzyiq edəcək. Bu zaman rəis bildirdi ki, o həmin məhbusun kamerasını dəyişə bilməz. Əgər istəyirsə həyat yoldaşımı başqa cəzaçəkmə müəsissəsinə köçürsün,” Aslanova qeyd edib.

Bu zaman, Penitensiar Xidmətin əməkdaşları Aslanovanı qəbul etmək üçün binaya dəvət ediblər. Gülmirə Aslanova qəbuldan imtina edib.

“Bütün rəsmi qurumlara, o cümlədən ombudsmana müraciət etmişəm. Amma, bir nəticəsi yoxdur,” o qeyd edib.

Penitensiar Xidmətdən Aslanovanın etirazı ilə bağlı hələ münasibət öyrənmək mümkün olmayıb.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. 2022-ci il fevralın 24-də Azərbaycan Ali Məhkəməsi həbs müddətini 16 ildə 13 ilə endirib.

İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib. Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Jurnalist “qanunsuz həbsinə, saxlanma şəraitinə” etiraz olaraq bir neçə dəfə uzunmüddətli aclıq aksiyası keçirib.

XS
SM
MD
LG