Rusiya qüvvələrinin Kyiv yaxınlığındakı Buça və Ukraynanın digər bölgələrində törətdiyi mümkün müharibə cinayətləri ilə bağlı xəbərlərə görə Rusiya beynəlxalq qınaqla üzləşib.
Avropa Şurasının prezidenti Çarlz Mişel aprelin 3-də Tvitter hesabında yazıb ki, Moskva “Aİ-nin növbəti sanksiyaları” ilə üzləşəcək.
Mişel deyib ki, “Rusiya ordusunun Kyivin azad etdiyi bölgədə törətdiyi vəhşiliklərin dəhşətli görüntüləri onu şoka salıb”.
Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss verdiyi açıqlamada hökumətinin "İrpin və Buça kimi şəhərlərdə işğalçı qüvvələrin dəhşətli hərəkətlərinə dair sübutların artdığını" deyib.
Buça meri Anatoli Fedoruk aprelin 2-də bildirib ki, şəhərin Rusiya qüvvələri tərəfindən işğalı zamanı 300-ə yaxın yerli mülki şəxs güllələnib. Təxminən 280 nəfərin cəsədinin kütləvi məzarlığa atıldığı, qalanlarının isə küçələrdə qaldığı iddia edilir. Cəsədlərin hərəkətli və qrafik görüntüləri sosial mediada yayılıb.
"Bunlar Rusiya işğalının nəticələridir" - deyə, Fedoruk bildirib.
Kyiv meri Vitali Kliçko Almaniyanın Bild qəzetinə deyib ki, “Buçada və Kiyevin ətraflarında baş verənləri ancaq soyqırım kimi qələmə vermək olar”. O, Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.
Ukraynanın xarici işlər naziri Dymtro Kuleba “Buça qətliamı qəsdən törədilib” deyib. Kuleba aprelin 3-də Twitter-də aparıcı iqtisadiyyatlar qrupuna aid Yeddiliyə istinad edərək yazıb: “Mən İNDİ yeni, dağıdıcı G7 sanksiyalarını tələb edirəm”.
İddia edilən vəhşiliklərlə bağlı ittihamlar Rusiya qüvvələrinin Kyiy və şimaldakı Çerniqov və Xarkiv şəhərləri ətrafında mövqelərini geri çəkməsi ilə gündəmə gəlib.
Nyu-Yorkda yerləşən Human Rights Watch (HRW) aprelin 3-də bildirib ki, “Rusiya hərbi qüvvələrinin Ukraynanın Çerniqov, Xarkiv və Kyiy vilayətlərinin işğal olunmuş ərazilərində mülki şəxslərə qarşı müharibə qanunlarını pozması ilə bağlı bir neçə faktı sənədləşdirib”. QHT bildirib ki, martın 4-də Buçadakı rus qüvvələri azı bir nəfəri başının arxasından güllələyib.
Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Rusiya qüvvələrinin Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərlə bağlı təhqiqata başlayıb.