Accessibility links

Hüquq müdafiə təşkilatı ifadə azadlığı və siyasi hüquqların pozulmasına dair hesabat yayıb


“Azərbaycanda ifadə azadlığı və siyasi hüquqlar hər addımda pozulmaqdadır.”

Bu barədə ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” ictimai birliyinin 2022-ci ilin mart ayı üçün insan hüquq və azadlıqlarının pozulmasına dair hesabatında deyilir.

“Hesab edirik, hüquqpozmaların qarşısının alınmasında beynəlxalq təşkilatlar öz töhvələrini verməlidir. Bunun üçün beynəlxalq təşkilatlar, diplomatik korpuslar, vətəndaş cəmiyyəti institutları ilə sıx münasibətlər qurmalı və onlarla tez-tez görüşlər keçirib, dəstəklərini ifadə etməlidir,” sənəddə qeyd edilir.

İctimai birlik hesab edir ki, ölkədə müxalif siyasi partiyalara, müstəqil ictimai-siyasi fəallara qarşı aparılan qanunsuz həbslər, işgəncə halları, qeyri-insani rəftar və digər hüquqpozmalar əslində hakimiyyətin demokratiyaya və ifadə azadlığına olan münasibətinin göstəricisidir.

“Görünən odur ki, hakimiyyət nə qədər repressiv metodlar varsa onların hamısından ona qarşı real müxalifətdə olan siyasi partiyalara və ictimai fəallara qarşı tətbiq edir və bu hallar getdikcə də artmaqdadır,” sənəddə qeyd edilir.

Hesabatda mart ayı ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının inzibati həbsə məhkum edildiyi, AXCP fəalı Şahin Hacıyevin saxta narkotik ittihamı ilə 6 il müddətə həbs edildiyi, Demokratiya və Rifah Partiyasının fəalı Elşən Əliyevin Rusiya əleyhinə aksiyada iştirakdan sonra 15 sutla inzibati həbs olunduğu, Müsəlman Birliyi Hərakatının üzvü Elşən Abbasovun hakimiyyəti sosial media üzərindən tənqid etdiyinə görə qurama narkotika ittihamı ilə saxlanıldığı, ictimai fəal Bəxtiyar Hacıyevin dinc aksiya zamanı polis işçiləri tərəfindən şəxsi avtomobilinin şüşələrinin sındırılması, Azadlıq Qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin Abşeron rayonunda peşə fəaliyyətini yerinə yetirərkən polislər tərəfindən saxlanıldığı, Demokratiya 1918 Hərəkatının ofisindən çıxarılması və digər faktlara istinad edilib.

Sənəddə həmçinin Almaniyadan readmissiya olunan siyasi fəalların həbs edildiyi qeyd edilib.

Hüquq mühafizə orqanlarının rəsmiləri insanların əqidəsinə görə təqib edilmədiyini, ölkədə fundamental azadlıqların, o cümlədən toplaşmaq, birləşmək, söz azadlığının tam təmin edildiyini bildirir.

“İnsanlar etdikləri qanunsuz əməllərə görə saxlanılır. Onlar bir çox hallarda özünümüdafiə məqsədi ilə siyasi əqidəsinə görə təqib edildiyini bildirir,” hüquq mühafizə orqanlarının rəsmisi qeyd edib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi 2020-ci il noyabrın 2-də təsis edilib. Mərkəzin rəhbəri deputatlığa keçmiş namizəd, ictimai fəal Fikrət Cəfərlidir.

XS
SM
MD
LG