Accessibility links

ABŞ səfiri Astara sərhəd keçid məntəqəsində Amerika avadanlığını nəzərdən keçirib


ABŞ Səfiri Li Litzenberger Astara sərhəd yoxlama məntəqəsində
ABŞ Səfiri Li Litzenberger Astara sərhəd yoxlama məntəqəsində

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasimov və digər gömrük rəsmiləri Astara sərhəd keçid məntəqəsinə (Bakıdan 313 kilometr cənub, İranla sərhəd-red) səfər edərək ABŞ Müdafiə Departamenti tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsinə verilən avadanlığı nəzərdən keçiriblər.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, avadanlıq ABŞ-nin Müdafiə Departamentini tərəfindən 2019-cu ildə təqdim olunan təhlükəsizlik yardımının bir hissəsidir.

“Müdafiə Departamenti qanunsuz daşınmaların qarşısını almaq, quru və dəniz sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycana 90 milyon dollardan çox vəsait ayırıb. ABŞ səfirinin Astara sərhəd keçid məntəqəsində nəzərdən keçirdiyi və dəyəri 30 milyon dollardan çox olan avadanlıq Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təminatına və qanunsuz malların daşınmasının qarşısının alınmasına təkan verəcək,“ səfirlik bildirir.

Səfir Litzenberger ABŞ-ın Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə iyirmi illik münasibətlərini qeyd edərək, kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri fəaliyyətlər barədə danışıb.

“Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq, Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək,” o qeyd edib.

DGK sədrinin müavini Cavad Qasımov Azərbaycanda narkotik vasitələrin əksəriyyətinin ələ keçirildiyi Astara sərhəd-keçid məntəqəsində çıxış edərək ABŞ-ın verdiyi avadanlıqların, narkotik vasitələrin, silah-sursatın və digər qaçaqmalçılığın qarşısının alınmasında oynadığı rolu qeyd edib.

Məlumatda deyilir ki, ABŞ Müdafiə Departamenti malların qanunsuz daşınması, insan alveri, narkotiklərin daşınması və silahların yayılması sahələrində işlədiyi tərəfdaşların bacarıqlarının inkişafına dəstək verir. ABŞ-ın Qanunsuz Daşınmalara Qarşı Birgə Mərkəzi və Narkotiklərə Qarşı Mübarizəyə dair Administrasiyası ABŞ Səfirliyi ilə birgə çalışaraq Azərbaycana müvafiq sahələrdə apardığı əməliyyatlara dəstək göstərərək öz sərhədlərini və əhalisini transmilli təhlükələrdən, mütəşəkkil cinayət və zorakılıqdan qorumağa yardım edir.

ABŞ Müdafiə Departamenti 2002-ci ildən bəri Azərbaycanın Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində işləyən qurumları ilə fəal şəkildə tərəfdaşlıq edir.

ABŞ Səfirliyi hesab edir ki, 2019-cu ildə təqdim olunan yardımın bir hissəsi olan avadanlıq Azərbaycanın cənub sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, habelə Dövlət Gömrük Komitəsinə Azərbaycana və ya Azərbaycanın ərazisi vasitəsilə daşınılan qanunsuz narkotiklərin və digər malların qarşısının alınmasına yardım edəcək.

XS
SM
MD
LG