Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan və hal-hazırda İranın hərbi sistemində əsgərlik dönəmini keçirən Əkbər Hüseyni qeyri-müəyyən bir vəziyyətdə Təbriz Mərkəzi Həbsxanasının 6-cı bölməsində saxlanılır.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Yayılan məlumata görə, Əkbər Hüseyni sosial mediada apardığı fəaliyyətlərdən dolayı “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihami ilə üzləşib.
Hüseyni onun müvəqqəti azadlığı üçün məhkəmə tərəfindən təyin olunan girovu təmin edə bilmədiyi üçün sərbəst buraxılmır.
Əkbər Hüseyni daha öncə də apardığı fəaliyyətlərinə görə həbs edilib və cəzalandırılıb. O, 2021-ci ilin yanvarında İranda benzin qiymətinin artması ilə bağlı baş qaldıran noyabr etirazları ilə əlaqədar həbs edilmişdi.
“Ölkənin müxalifət qruplarına üzv olmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları ilə suçlanan bu vətəndaş Şərqi Azərbaycan vilayətinin Hərbi Məhkəməsinin Birinci Şöbəsinin sədri, hakim Seyid Rəzi Rəzəvi Kəhləmuyi tərəfindən birinci ittihama görə 9 ay və ikinci ittihama görə isə 4 aylıq həbs cəzasına məhkum edilmişdi.
Əkbər Hüseyni 2021-ci ilin aprel ayının 19-da şərti azadlığa buraxılma tələbinin qəbul edilməsi ilə azadlığa buraxılmışdı.