Birləşmiş Ştatların ilk qadın dövlət katibi olmuş Madlen Olbrayt 84 yaşında dünyasını dəyişib. Xanım Olbrayt ABŞ-ın xarici siyasətinin formalaşdırılmasına xidmət edən bir irs qoyub gedib. O bütün dünyada qaçqınların hüquqları və demokratiyanın qızğın müdafiəçisi kimi yadda qalır.
Madlen Olbrayt 1996-cı ildə Prezident Bill Klinton tərəfindən Amerikanın baş diplomatı vəzifəsinə nominasiya edildikdə o, ABŞ hökumətinin tarixində ən yüksək vəzifəni tutan qadın oldu. Vəzifəsində olduğu dörd il müddətində o, ABŞ-ın Balkanlarda müharibə ilə bağlı siyasətinə rəhbərlik edib və nüvə silahına malik Şimali Koreya və Yaxın Şərqdə artan ekstremizm kimi problemlərlə qarşılaşıb.
Madlen Olbrayt xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra çərşənbə günü ailəsinin əhatəsində vəfat edib. “Xanım Dövlət Katibi” kimi tanınan qadının xatirəsinə dünyanın hər yerindən ehtiram bildirilir.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Olbraytın çoxları üçün ilham mənbəyi olduğunu deyib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild: “O, qabaqcıl və nurlu bir insan idi və o, dövlət katibi vəzifəsində çalışan ilk qadın idi. O, dünyada və Birləşmiş Millətlər Təşkilatında silinməz iz qoyub. Ölkəmiz və Birləşmiş Millətlər Təşkilatımız onun xidmətinə görə daha da güclənib”.
Olbraytın həyatı bəşəriyyət tarixinin ən faciəli dövrlərindən təsirlənmişdi. O, 1937-ci ildə Çexoslovakiyanın Praqa şəhərində anadan olub. 1939-cu ildə nasistlər ölkəni işğal etdikdən sonra ailəsi şəhərdən qaçıb. Daha sonra o, Holokost zamanı nənə və babalarından üçünü itirdiyini öyrənib.
Olbrayt ailəsinin hekayəsini özü belə danışmışdı: “Nənəmi məni Praqaya aparmağa razı saldılar. Hamının yalnız bir çamadanı var idi və onlar getmək üçün qatara mindilər. Onun dediyi kimi, bu, sonuncu dəfə idi ki, onlar ailə üzvlərindən hər hansı birini görmüşdülər”.
Olbraytın ailəsi ABŞ-a qaçqın kimi gəlib və Kolorado ştatında Denverdə məskunlaşıb. Burada onun atası Denver Universitetində beynəlxalq münasibətlər məktəbinin dekanı olub. Əlaçı tələbə olan Olbrayt Kolumbiya Universitetində magistraturaya daxil olmazdan əvvəl Uelesli Kollecində təhsilini davam etdirib və burada prezident Cimmi Karterin dövründə Milli Təhlükəsizlik müşaviri olmuş və Olbraytı Ağ Evə işə gətirən Zbiqnev Bjezinski ilə tanış olub.
Klintonun dövründə o, dövlət katibi olmamışdan əvvəl ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb.
Olbrayt deyirdi ki, bu müddət ərzində onun bəlkə də qarşılaşdığı ən böyük problem 1998-ci ildə bütün regionu bürümək kimi təhlükəsi olan Kosovo müharibəsi idi.
Madlen Olbrayt, keçmiş dövlət katibi: “Balkanlar üçün bu artan zorakılıq cəhənnəmə aparan yoldur. Əgər dayandırılmasa, gərginlik nəzarətdən çıxacaq. Bunun nəticəsi Bosniyada sülhü riskə atan və münaqişənin yoluxucu xəstəlik kimi qonşu dövlətlərə yayılmasına səbəb olan hərtərəfli vətəndaş müharibəsi ola bilər.”
Serbiyanın işğalçı qüvvələrini ölkədən çıxaran NATO hərbi kampaniyası bu günə qədər davam edən sülhə gətirib çıxardı.
Madlen Olbrayt bu məqamı uğur kimi qiymətləndirdiyini bildirmişdi. “Mən Kosovoda etdiklərimizlə fəxr edirəm. Balkanlarda baş verənlərdən çox narahat idim və insanların gördükləri nəyə görə isə deyil, kim olduqlarına, hansı dinə mənsub olduqlarına görə öldürülməsini izləmək mənim üçün həqiqətən çox çətin idi. Bu mövqedə olaraq Amerika Birləşmiş Ştatları ilə dəyişiklik edə bilmək mənim fikrimcə, çox vacibdir. Kosovo xalqı, indi o, müstəqil ölkədir və adı Madlen olan kiçik qızlardan ibarət bütün nəsil var”.
O, diplomatiyası vasitəsilə dünya boyu səfərlər edərək, Afrikada QİÇS böhranını müşahidə edib və Şimali Koreyada Kim Conq İl ilə üz-üzə gəlib. Prezident Co Bayden onu təhlükədən qaçan qaçqınlar və Amerika dəyərləri uğrunda yorulmaz bir mübariz kimi xatırlayıb.
Prezident Bayden Madlen Olbraytın ölümündən sonra açıqladığı bəyanatda bildirib: “Amerikada demokratiya və insan haqlarının avtoritarizmin təhlükələrini şəxsən bilən dövlət katibi Olbraytdan daha sadiq bir müdafiəçisi yox idi”.
Olbrayt tez-tez “şüşə tavanı” sındıran bir qadın kimi təcrübəsindən danışırdı. O, ilk dəfə dövlət katibi olanda bəziləri onun kişi dövlət başçıları tərəfindən hörmət ediləcəyini sual edirdi. Daha sonralar o, gənc qadınları bərabərlik uğrunda mübarizəyə davam etməyə təşviq edirdi.
Madlen Olbrayt, keçmiş dövlət katibi: “Pillələri necə qalxdığımız barədə hekayəmizi danışa bilərik və siz gənc qadınların bir çoxu buna ehtiyac olduğunu düşünmürsünüz. Buna nail olunub düşünürsünüz. Buna nail olunmayıb.”
Prezident Bayden ölkədə Olbraytın xatirəsi anıldığı vaxt ABŞ-ın ictimai binaları, səfirlikləri və hərbi postlarında bayraqların yarıya endirilməsi haqda göstəriş verib.