Accessibility links

Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib


Martın 17-də Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev twitter hesabında yazıb.

"Görüşdə regional məsələlər, enerji, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və s. üzrə fikir mübadiləsi aparılıb," o qeyd edib.

Bu gün, həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora arasında görüş olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişafı, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycanla Aİ arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkənin əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.

Mətbuat Xidməti İdarəsi bildirir ki, Enrike Mora Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.

Enriko Mora, həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib.

Baş katibinin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Avropa İttifaqı və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

Saziş əsasən siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Avropa İttifaqı ilə Azərbaycan bu sazişi imzalamayıb.

2018-ci ilin fevralında Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə ikitərəfli dialoq mexanizminin yaradılması barədə qərar qəbul olunub. 2019-cu il dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.

Iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Avropa İttifaqı ilə sazişin əsas razılaşdırılmayan elementləri Ümumdünya Ticarət Təşkilatına üzvlük, standartlar və Azərbaycanın öz hava məkanını xarici şirkətlərə açması ilə bağlı məsələlərdir.

“Azərbaycan 1998-ci ildən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişin mühüm elementlərindən biri məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu məsələsidir. Bundan başqa, ticarət müqavilələri bağlanarkən qarşılıqlı standartların tanınması, Azərbaycan məhsullarının Avropa standartlarına uyğun qablaşdırılması, markirovkası və bütün bu prosedur məsələləri Azərbaycan üzərinə öhdəlik kimi götürüb həll etməli idi. Avropa İttifaqı ilə hərtərəfli sazişdə ticarətdən başqa digər sahələrdə razılaşma əldə edilib,” ekspert qeyd edib.

XS
SM
MD
LG