Accessibility links

Fransada AND Hərəkatının üzvünə silahlı hücum olub


Elnur Masimov
Elnur Masimov

Martın 15-də axşam saatlarında, qaranlıq vaxtı Fransanın Tuluz şəhərində Azərbaycandan olan siyasi mühacirlərin Avropada fəaliyyət göstərən Azərbaycan Naminə Demokratiya (AND) Hərəkatının fəalı Elnur Məsimova və onunla birgə olan adı hələ məlum olmayan digər mühacirə qarşı naməlum şəxslər silahlı hücum edib. Hər iki şəxs xəsarət alıb.

AND Hərəkatının rəhbəri Qənimət Zayidov Amerikanın Səsinə deyib ki, Elnur Məsimov diz nahiyyəsində güllə yarası alıb, onunla birgə olan mühacir isə ürək nahiyyəsindən bıçaqlanıb.

“Hazırda ürək nahiyəsindən bıçaq zərbəsi alan şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu ağırdır, polis nəzarətindədir. Elnur Məsimov isə diz nahiyyəsinə cərahiyyə müdxailəsindən sonra evə buraxılıb,” o qeyd edib.

Zayidovun sözlərinə görə, Məsimov dostu ilə birlikdə öz avtomobilində yol gedərkən içərisində 4 nəfər olan başqa bir avtomobil onun yolunu kəsib.

“Elnur Məsimova qarşı hücum şəxsi motivlərlə deyil, sifarişlidir. Çünki, son zamanlar hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda Məsimovun ailə üzvlərini xəbərdar edib ki, o mənimlə birgə olmasın. Elnur Məsimov 2018-ci ildən Fransada yaşayır, AND Hərəkatının aktiv üzvlərindəndir, bütün toplantılarımızda və aksiyalarımızda fəal iştirak edib,” o qeyd edib.

Zayidovun sözlərinə görə, Fransa polisi hadisə ilə bağlı araşdırma aparır, hələ silahlı hücumda iştirak edənləri aşkar edə bilməyib.

2016-cı il sentyabrın 11-də Strasburq şəhərində Azərbaycandan olan mühacirlərin bir qrupu AND (Azərbaycan Naminə Demokratiya) Hərəkatını təsis edib. Hərəkata "Azadlıq" qəzetinin baş redaktoru və "Turan"TV-nin rəhbəri Qənimət Zayidov rəhbərlik edir.

XS
SM
MD
LG