2020-ci ilin noyabr ayından bəri Ərdəbil həbsxanasında iki illik həbs cəzalarını çəkməkdə olan Əli və Rza Vasiqi qardaşları çərşənbə günü ayaqlarında elektron qandalla həbsxanadan buraxılıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, milli fəallar iki illik həbs cəzası bitənə qədər Ərdəbil vilayətindən çıxa bilməyəcəklər.
Vasiqi qardaşları dinc aksiyalara qatılmaq və sosial şəbəkələrdə siyasi məhbusları müdafiə etdikləri üçün 2020-ci ildə milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək ittihamı ilə mühakimə olunaraq həbs cəzası alıblar.
Sənət və idmanla məşğul olan qardaşlar 2020-ci ilin iyun ayında Ərdəbil şəhərinin Qiyam meydanındakı iş yerləri “Araz Reklam” mağazasında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdılar. Hüquq müdafiəçilərinə istinadən, saxlanıldıqları zaman ağır şəkildə döyülən türk fəallar nəzarət müddətində vəkillə təmin edilməmişdilər.
36 yaşındakı Əli Vasiqi evli və iki qız uşağının atasıdır. O, daha əvvəl də Urmiyə Gölü etirazları, Babək Qalası yürüşü və anti-irqçilik aksiyaları ilə əlaqədar həbs və mühakimə edilib. 31 yaşındakı Rza Vasiqi böyük qardaşı ilə bərabər iş yeri açanadək idman və musiqi fəaliyyəti ilə məşğul olub. O, bir neçə dəfə Ərdəbil vilayətində uşu çempionatının qalibi olub.