Ərdəbil vilayətində işsizlik nisbətinin 12 faizdən çox olduğunu və bu rəqəmin ölkə ortalamasından yuxarı olduğunu bildirilir.
Mehr Xəbər agentliyinin yayımladığı məlumata əsasən, Ərdəbil Texniki və Peşə Təhsili İdarəsinin direktoru Rəhim Yunisi, vilayətdə işsizlik nisbətinin yüksək olduğuna toxunaraq bildirib ki, “ölkədəki işsizlik səviyyəsi 8,2 faiz ikən təəssüf ki, bu rəqəm Ərdəbil vilayətində 12 faizdən çoxdur ki, bu da ölkə üzrə orta göstəricidən 4 faiz yüksəkdir”.
2020-ci ilin qış mövsümündə Statistika Mərkəzinin açıqladığı məlumata istinadən, Ərdəbildə işsizlik nisbəti 11,5 faiz, həmin dövrdə ölkə üzrə orta hesabla işsizlik səviyyəsi isə 10.6 faiz təşkil edirdi. Bu rəqəmlər son illərdə vilayətdə işsizlik nisbətinin sürətli şəkildə yüksəldiyini göstərir.
İRNA-nın xəbərinə görə, mart ayının 13-də Ərdəbildə keçirilən idarə rəhbərlərinin təqdimat iclasında Texniki və Peşə Təhsili İdarəsinin rəsmisi Əlihüseyn Şəhrivər ölkədə üç milyon insanın tamamilə işsiz olduğunu qeyd edib. O bildirib ki, “ölkədə çox aşağı və qeyri-kafi gəliri olan 10 milyon vətəndaş var ki, bunlardan 4,5 milyon nəfəri qeyri-rəsmi işdədir və sığortasızdır, ölkədə 3 milyon nəfər isə tamamilə işsizdir.”
Ərdəbil vilayətinin işsizlik nisbətinin yüksək olması ilə yanaşı ölkə vilayətləri arasında Ərdəbil vilayətindən mühacirət göstəriciləri də yüksəkdir.