Accessibility links

Urmiyə gölünün su səviyyəsinin azaldığı bildirilir


Qərbi Azərbaycan vilayətinin Regional Su Şirkətinin rəsmisi Cavad Məhəmmədi Urmiyə gölündə su səviyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 62 Santimetr azaldığını bildirib.

Rəsmi dövlət xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, gölün su səviyyəsi 1270 metr 72 santimetrə enib. Bu rəqəm keçən ilin eyni dövründə 1271 metr 34 sm olduğu qeyd edilib.

Rəsminin verdiyi məlumata əsasən, gölün ən yüksək su səviyyəsi 26 il öncə qeydə alınıb və o zamandan indiyə qədər Urmiyə gölünün su səviyyəsi 7.7 metr azalıb.

Həmçinin gölün sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1200 kvadrat kilometr azalıb. Hazırda Urmiyə gölünün sahəsi 2 min 396 kvadrat kilometr olaraq qeydə alınıb.

Gölün su həcmi isə 2 milyard kubmetr azalıb.

Keçən il ərzində yağıntıların azalması, isti mövsümlərdə gölün suyunun buxarlanması və bəndlərdən Urmiyə gölünə ayrılmış su haqqının verilməməsi kimi amilləri Urmiyə gölünün vəziyyətinin pisləşməsinə səbəb olub. Bu amillərlə yanaşı Zab çayından gölə su nəqli tuneli layihəsnin açılışının təxitə salınması tənqidlərə yol açıb.

İranda rəsmilər tərəfindən Urmiyə gölünə Zab çayından su nəqli tuneli layihəsinin açılışı vədi verilsə də, bu layihənin istifadə üçün açılışı təxirə salınıb.

Bəzi yerli xəbər portalları, layihənin 99 faiz tamamlandığı halda, qalan bir faiz üçün vəsaitin ayrılmamasının və belə bir nəhəng layihənin açılışının ləngiməsinin səbəbini rəsmilər tərəfindən açıqlanmasını tələb edib.

XS
SM
MD
LG