BMT-nin Qaçqınlar üzrə Agentliyinin bildirdiyinə görə, müharibə başlayandan bəri 1,7 milyondan çox qaçqın Ukraynanı tərk edib. Onlardan bir milyondan çoxu Polşaya gedib.
Müharibə başlayandan bəri Ukraynadan Macarıstana 180 min, Slovakiyaya 128 min, Moldovaya 83 min, Rumıniyaya 79 min, digər Avropa ölkələrinə 183 min, Rusiyaya 53 mindən çox qaçqın keçib.
BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi Ukraynadan qaçan insanların sayının bu qədər artmasını “İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük qaçqın böhranı” adlandırıb.
Avropa İttifaqı ukraynalıların gəldiyi ölkələrin xərclərini ödəmək üçün humanitar yardım olaraq 500 milyon avro ayırmağa qərar verib.
Avropa Komissiyasının sədri Ursula Von der Leyen bu məbləğin ilk ödəniş olacağını deyib. O, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya və qaçqınlara ev sahibliyi edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fond yaradacaq.
BMT-nin İnsan Hüquqları üzrə Müvəkkili İdarəsinin məlumatına görə, fevralın 24-dən Ukraynada azı 406 mülki vətəndaş həlak olub, 801 nəfər yaralanıb.