Accessibility links

Azərbaycanın aviasiya şirkəti Ukraynadan qonşu ölkələrə keçən Azərbaycan vətəndaşlarını Bakıya gətirir


“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )
“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )

Azərbaycanın AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar ölkəyə qayıtmaq arzusunda olan Azərbaycan vətəndaşlarının daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirir. Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.

“Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb,” AZAL bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva martın 2-də deyib ki, artıq dörd minə yaxın azərbaycanlının Ukrayna sərhədini keçməsi müşahidə edilib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər.

Bundan əlavə Leyla Abdullayeva Ukraynada müharibə başlayandan 5 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyətini davam etdirdiyini bildirib. O, həmçinin deyib ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub.

“Yaxın günlərdə də azərbaycanlıların təxliyəsi ilə bağlı müvafiq addımlar atılacaq”, o qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının yaşaması barədə rəsmi statistika aparılmayıb. Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

XS
SM
MD
LG