Accessibility links

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib


Bakı hava limanı
Bakı hava limanı

Ukraynadan təxliyyə edilən 176 Azərbaycan vətəndaşı martın 1-də Bakıya gətirilib.

Rəsmi məlumatlarda deyilir ki, Azərbaycan vətəndaşları quru yolu ilə Ukraynadan Rumıniyaya keçib. Bu gün isə onlar Rumıniyadan Azərbyacana gətirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynadakı Azərbaycan vətəndaşlarının quru yolu ilə qonşu ölkələrə keçidi üçün viza və COVİD-19 testi tələb olunmur.

Yerli medianın məlumatlarına görə, hazırda Moldova, Bolqarıstan, Rumıniya, Polşa, Slovakiya, Macarıstana yüzlərlə Azərbaycan vətəndaşı keçib.

Ukraynaya hərbi müdaxilə zamanı azı 4 Azərbaycan vətəndaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Azərbaycanın Ukraynadakı Səfirliyinin məlumatına görə, fevralın 27-də Ukrayna ərazisində davam edən hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan Azərbaycanlıların 8 avtomobildən ibarət kolonu “Dnestryanı Respublika” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində atəşə tutulub. Nəticədə Azərbaycan vətəndaşları İsmayılov Neymət, İsmayılov Rəhim və İsmayılov Qabil həlak olub. Daha dörd nəfər güllə yarası alıb.

Həmçinin fevralın 27-də Xarkov şəhərinin mərkəzində sakitçilik şəraitində küçəyə su almaq üçün çıxan Azərbaycan vətəndaşı Qoşqar Məmmədov gülləyə tuş gələrək, qətlə yetirilib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının yaşaması barədə rəsmi statistika aparılmayıb. Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kiyevdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyinə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər. Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

XS
SM
MD
LG