Fevralın 15-dən isə COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
Nazirlər Kabineti bununla bağlı mövcud qaydalara 2021-ci il dekabrın 30-da dəyişiklik edib.
Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin vaxt bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq.
Fevralın 16-da restoran və ticarət mərkəzlərində buster doza tələb olunacaq.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Fevralın 14-nə kimi Azərbaycanda isə ümumilikdə 745 min 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 min 50 nəfərin vəfat etdiyi bildirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.