Accessibility links

Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin külli miqdarda mənimsəmə ittihamı ilə həbs edildiyi bildirilir


Həbs
Həbs

Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Azərbaycan Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri, Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə barəsində istintaq orqanının təqdimatına baxıb və bu şəxslər barəsində 4 aylıq həbs qətimkna tədbiri seçib.

Bu barədə yerli media məlumatlar dərc edilib.

Məlumatlarda deyilir ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Rəsmi qurumlar yayılan məlumatları hələ nə təsdiq, nə də təkzib etməyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Ameikanın Səsinə bildiriblər ki, “bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”.

İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı başqa hər hansı suala cavab verməyib.

Müdafiə Nazirliyi isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, barələrində həbs qətimkan tədbiri seçildiyi bildirilən şəxslərin yaxınları və vəkilləri də hələ yayılan məlumatlara münasibət bildirməyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov hesab edir ki, Müdafiə Nazirliyində hazırda maliyyə sahəsində həbslərin iki əsas səbəbi var: “Türkiyəli hərbi təlimatçıların araşdırmasının sonunda ortaya çıxan nəticə və NATO-nun aidiyyatı strukturlarının Azərbaycan Silahlı Qüvvələrində dəyişikliklərə dəstək üçün anti-korrupsiya tədbirlərinin aparılması şərti.”

Ekspert ehtimal edir ki, bu anti-korrupsiya tədbirlərindən sonra Müdafiə Nazirliyinun maliyyə sistemi yenidən qurulacaq.

“Türkiyə Silahlı Qüvvələrinin təmsilçiləri bunu orduda islahatların vacib elementi hesab edirlər. Eyni zamanda NATO-nun Building Integrity (Dürüstlüyün təmin olunması) proqramı çərçivəsində alyans tərəfindən Azərbaycana praktiki dəstək göstəriləcək. Bütün bunların baş verməsi üçün rəsmi Bakı ordu sahəsində anti-korrupsiya tədbirlərində qətiyyətli olduğunu sübut etməlidir,” o qeyd edib.

Məmmədovun dediyinə görə, NATO 2010-cu ildən etibarən Azərbaycana bu proqramda işyirak etməyi təklif edir.

“Rəsmi Bakı isə razılıq vermirdi. Azərbaycan Müdafiə və Təhlükəsizlik sektorunda korrupsiyanın vəziyyəti “kritik” qiymətləndirilir. Sonuncu dəfə Transparency International təşkilatının müdafiə sahəsində korrupsiya indexində (2020) Azərbaycan sonuncu yerlərdən birində qərarlaşmışdı,” ekspert qeyd edib.

Iqtisad elmləri doktoru Qubad Ibadoğlu bildirir ki, 2008-ci ildən indiyə qədər dölət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri adı ilə 38 milyard manatdan çox vəsait ayrılıb.

“Yalnız bu il üçün müdafiə və milli təhlükəsizlik adı altında 4 milyard 489 milyon 892 min 429 manat vəsait proqnozlaşdırılıb. Nə qədər ki, müdafiə və milli təhlükəsizlik büdcəsinin inzibati, iqtisadi və funskional təsnifatı verilmir, Hesablama Palatası tərəfindən auditi aparılıb, rəy hazırlanmır, müdafiə və milli təhlükəsizlik qüvvələrinin təchizatı ilə bağlı dövlət sifarişləri üzrə tenderlər açıq və rəqabətli əsasda keçirilmir, bir o qədər də orada korrupsiya və talançılıq davam edəcək. Digər tərəfdən də ölkədə korrupsiya sistemli və xroniki xarakter daşıdığından belə qapalı büdcəyə malik olan dövlətin müdafiə və milli təhlükəsizlik xərcləri korrupsiyanın daha çox yeminə çevriləcək,” o qeyd edib.

XS
SM
MD
LG