Accessibility links

Məhkəmə ictimai fəalı həbsdə saxlayıb


Fuad İsmayılov
Fuad İsmayılov

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsi hakim Kamran Əkbərovun sədrliyi ilə ictimai fəal Fuad İsmayılovun şikayətini təmin etməyib. Məhkəmə fəalı həbsdə saxlayıb.

Yanvarın 31-də Bakının Nizami rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Fuad İsmayılovu bir ay inzibati həbsə məhkum edib. Məhkəmə Fuad İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə günahlı bilib.

İctimai fəal Fuad İsmayılov yanvarın 29-da saxlanılıb. Onun saxlanılması yanvarın 28-də küçədə asılmış Türkiyə bayrağını endirəndən sonraya təsadüf edir. Sosial şəbəkələrdə yayılmış videoda görünür ki, İsmayılov küçədə asılmış Türkiyə bayrağını saxlayan ipi kəsir və bayraq yerə düşür.

İsmayılov məhkəmədə deyib ki, saxlanılanda və polis bölməsində onu döyüblər, zərbələrdən qulağının pərdəsi deşilib. Hazırda həm üzündə, həm də bədənində xəsarət izləri var.

İctimai fəal işgəncəyə məruz qalması faktının tanınması və bu məqsədlə ekspertiza təyin edilməsini barədə vəsatət versə də, hakim vəsartəti təmin etməyib.

İctimai fəalın yaxınları Amerikanın Səsinə deyib ki, İsmayılov məhkəmədə bildirib ki, polisə müqavimət göstərməsi, onların qanuni tələbinə tabe olmaması barədə ittiham əsassızdır.

“Məni saxlayan polislər mülki geyimdə olublar, özlərini təqdim etməyiblər. Mən onların polis olduğunu da bilməmişəm," o qeyd edib.

İctimai fəal Türkiyə bayrağını saxlayan ipi kəsməsinin səbəbi barədə məhkəmədə deyib ki, Türkiyənin bayrağı Azərbaycan bayrağı ilə yanaşı Bakının Suraxanı, Nizami və rayonlarında çox yerlərdə, o cümlədən əxlaqsızlıq yuvalarının qarşısında asılıb.

“Bununla əlaqədar bir neçə dəfə polis orqanlarına müraciət etmişəm. Lakin reaksiya verilməyib. Mənim Türkiyə bayrağını saxlayan ipi kəsməyim hüquq-mühafizə orqanlarının müraciətimə cavab verməməsinə etirazımdır. Türkiyəni Azərbaycan qədər sevirəm və heç vaxt bu ölkənin bayrağına hörmətsizlik etmək niyyətim olmayıb,” İsmayılov qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev İsmayılovun polis bölməsində təzyiqə məruz qalması barədə iddialarının əsassız olduğunu bildirib.

Bununla yanaşı, vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcək.

Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inizbati həbsə məhkum edilib.

O, 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red.) yazdığına görə saxlanıldıqdan sonra ictimai diqqətə gəib.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

XS
SM
MD
LG