Accessibility links

Belarusdakı rus qoşunları Ukrayna sərhədindən 50 km-lik məsafədə yerləşir


Özəl Amerika şirkətinin peyk görüntüləri təlimlər üçün Belarusa gedən rus qoşunlarının Ukrayna ilə sərhəddə necə cəmləşdiyini göstərir.

Rusiya və Belarus fevralın 10-dan 20-dək “Allied Resolve-2022” adlı birgə manevrlər keçirəcəklərini elan ediblər. Təlimlər Ukrayna sərhədi yaxınlığında Rusiya şok qruplarının formalaşması fonunda keçirilir.

Qərb ölkələri Moskvanı işğala hazırlaşmaqda ittiham edir, Moskva isə belə planların mövcudluğunu inkar edir.

Amerikanın “Maxar Technologies” şirkətinin fotoşəkilləri Ukrayna ilə sərhədə yaxın üç nöqtədə - Yelsk, Reçitsa və Luninets şəhərləri yaxınlığında yerləşən Rusiya hərbi birləşmələrini göstərir. Bütün hallarda qoşunlar sərhəddən təxminən 50 km məsafədə yerləşdirilir.

“Maxar Technologies”in məlumatına görə, görüntülərdə Su-25 hücum təyyarələri, həmçinin S-400 hava hücumundan müdafiə sistemləri və nüvə başlıqları daşıya bilən “İsgəndər” raket sistemləri əks olunub.

Fotolar Reuters tərəfindən müstəqil olaraq təsdiqlənməyib. Rusiya Müdafiə Nazirliyi şərh verməkdən imtina edib. Belarus Müdafiə Nazirliyi isə telefon zənglərinə cavab verməyib.

NATO-nun baş katibi Yens Stoltenberq keçən həftə bu təlimi Soyuq Müharibədən bəri Belarusda ən böyük qoşun cəmləşməsi kimi qiymətləndirib.

XS
SM
MD
LG