Accessibility links

Avropa liderləri Ukrayna gərginliyinə son qoymaq üçün Moskva və Kyivə səfər edəcək


Avropanın iki tanınmış liderinin növbəti günlərdə Rusiya və Ukrayna paytaxtlarına səfər edərək, oradakı həmkarları ilə Moskvanın Ukraynanı mümkün işğalı ilə bağlı artan gərginlikləri azalrmaq üçün diplomatik tədbirləri müzakirə edəcəkləri planlaşdırılır.

Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi Moskvaya, çərşənbə axşamı isə Kyivə səfəri gözlənilir. Fevralın 14-də isə Almaniya kansleri Olaf Şoltzun Kyivə, fevralın 15-də isə Moskvaya səfəri planlaşdırılıb.

New York Times-ın məlumatına görə, Rusiyanın Ukrayndakı qoşunları Ukraynanı tam işğal etməyə hazır olmasa da, “belə görünür ki, ordunun bir çox bölmələri Kreml göstəriş verdiyi təqdirdə hərbi müdaxiləyə hazırlığını son mərhələsindədirlər.”

Moskva regionda mövcu olan minlərlə qoşuna əlavə olaraq daha 10 min qoşun göndərib.

Bu arada isə Ağ Ev cümə günü Çin Prezidenti Şi Tsinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşə əhəmiyyət verməyib. Həmin görüş zamanı liderlər ABŞ-a qarşı yönəlmiş strateji ittifaqı açıqlayıblar.

“Bizim nəzarət edə bildiyimiz şey, öz əlaqələrimiz və öz dəyərlərimizin qorunması və başqa ölkələrlə hətta razılaşmadığımız məsələlərlə bağlı belə birlikdə işləməyin yollarını axtarmaqdır,” Ağ Evin mətbuat katibi Cen Psaki müxbirlərə bildirib.

Şi görüş zamanı Putinin NATO-nun genişlənməsinə son qoyması və Qərbdən təhlükəsizliklə bağlı zəmanət almağa dair tələbini dəstəkləyib. Bu məsələlər Rusiyanın Ukrayna səbəbilə Birləşmiş Ştatlar və müttəfiqləri ilə qarşıdurma yaşamasına gətirib çıxarıb. Bu arada isə Moskva Pekinin Tayvanın Çinin ayrılmaz hissəsi olduğuna dair mövqeyinə dəstəyini ifadə edib.

Çinin dövlət yayımçısı CCTV-nin bildirdiyinə görə, iki lider cümə günü Pekin Qış Olimpiya Oyunlarının açılışından bir neçə saat öncə görüşüb. ABŞ, Britaniya və başqa ölkələr Olimpiya Oyunlarını insan haqları pozuntuları səbəbilə boykot edirlər.

Dövlət yayımçısı görüşün təfərrüatlarını paylaşmasa da, ABŞ-ın xarici və daxili siyasətlərini tənqid etdiyi Şi və Putin birgə bəyanat yayaraq başqa ölkələrin onların “ölkədaxili məsələlərinə müdaxiləsi” ilə bağlı narazılıqlarını vurğulayıblar.

Bəyanatda Çinlə Rusiya arasında “limitləri olmayan” və “qadağan olunmuş əməkdaşlıq sahələri”nin olmadığı strateji “dostluq” elan olunub.

XS
SM
MD
LG