Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının sədrinin apellyasiya şikayətinə baxılacaq


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barəsində çıxarılmış hökmdən verdiyimiz apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, iş hakim Habil Məmmədovun icraatına verilib.

“Yaxın vaxtlarda məhkəmənin vaxtı məlum olacaq,” vəkil qeyd edib.

Məhkəmənin nə vaxt keçiriləcəyi ilə bağlı Bakı Apellyasiya Məhkəməsindən hələ məlumat almaq mümkün olmayıb.

Cavadov yanvarın 17-də təcridxanada Əli Əliyevlə görüşüb.

“Əli Əliyevin səhhəti yaxşıdır, saxlanma şəraitindən narazılığı yoxdur. O əvvəlki mövqeyində qalır. Özünü təqsirli bilmir, məhkəmə hökmünü sifarişli hesab edir,” vəkil Amerikanın Səsinə deyib.

Yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi hakim Hüseyn Səfərovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində hərbçi Emil Cəfərovun şikayəti üzrə beş ay həbs qətimkan hökmü çıxarıb. Partiya sədri məhkəmə zalında həbsə alınıb.

Partiya sədrinin həbsi və məhkəmə prosesi geniş tənqidlərə yol açıb. Sosial şəbəkələrdə onlarla ictimai-siyasi fəal məhkəmə qərarını qınayıb.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev, həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etmir.

Hər iki zabit məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət edib. Şikayət ərizələrində Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə təsis edilib. Təsis qurultayında Əli Əliyev bu partiyanın sədri seçilib. Əliyev bundan öncə Azərbaycamn Milli İstiqlal Partiyasının sədri olub.

XS
SM
MD
LG