Accessibility links

Həbsdə olan jurnalist məhkəmə prosesinin açıq keçirilməsini istəyir


Polad Aslanov
Polad Aslanov

Fevralın 3-də Ali məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Xeberman.com saytının redaktoru Polad Aslanovun Apellyasiya məhkəsinin qərarından verilmiş kassasiya şikayətinə baxılacaq.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova deyib.

Onun sözlərinə görə, Polad Aslanov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali məhkəmənin sədri Ramiz Rzayev və prosesə sədrlik edən hakim Hafiz Nəsibova müraciət edib.

O, müraciətində məhkəmə proseslərin tam şəkildə açıq keçirilməsini, iştirak etmək istəyən hüquq müdafiəçilərinin, media nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin prosesdə iştirakına tam şərait yaradılmasını xahiş edib.

“Mən Ali məhkəmədən işimə tam şəkildə ədalətlə baxılmasını, Azərbaycan Respublikasının Bayrağı altında, Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar verilməməsini xahiş və tələb edirəm"

Öz növbəsində Ali Məhkəmədən Amerikanın Səsinə bildiriblər ki, pandemiya ilə əlaqədar məhkəmə iclasları tərəflərin iştirakı olmadan keçirildiyinə görə jurnalistlərin, ictimaiyyətin, proseslərdə iştirakı mümkün deyil.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edirdi.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Yanvarın 22-də Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə bildirib ki, Polad Aslanovun işi çox ciddidir.

“Biz Polad Aslanovun işini izləyirik. Təəssüflər olsun ki, Azərbaycanda xüsusən də penitensiar sistemdə vəziyyət o qədər acınacaqlıdır ki, aclıq aksiyası həbsdə olan siyasi məhbusların, o cümlədən jurnalistlərin diqqəti öz işlərinə cəlb etmək, hüquqları uğrunda mübarizə aparmaq üçün az qala yeganə çıxış yoluna çevrilib,” o qeyd edib.

XS
SM
MD
LG