Azərbaycanın rəsmi səhiyyə qurumları COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklifinə aydınlıq gətirib.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.
"Son günlər rəsmi səhiyyə qurumlarına bəzi özəl laboratoriyalarda COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklif olunması barədə məlumatlar daxil olur. Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVID-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K “Omicron” variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur" - deyə, məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, koronavirusun mutasiyalarından asılı olmayaraq müalicə metodları eynidir. Təklif edilən ikinci test təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımır.
Qurumlar deyir ki, yeni ştamın simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir və əsasən yuxarı tənəffüs yollarına təsir edir. Simptomları hiss etdikdə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edilməlidir.
“Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.Bu səbəbdən, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.”
Xatırlatma
Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Bu il yanavrın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.
Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.