Accessibility links

“Gəncə işi” üzrə ömürlük həbsə məhkum edilən Yunis Səfərov aclığa başlayıb


Yunis Səfərov
Yunis Səfərov

Bu gün, yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Yunis Səfərov və digər 11 nəfərin cinayət işi üzrə apellyasiya baxışı davam edib.

Məhkəmə iclası zamanı Yunis Səfərov 3 gündür aclıq aksiyasına başladığını bildirib.

Vəkil Bəxtiyar Hacıyev Amerikanın Səsinə bildirb ki, Yunis Səfərovun aclıq etməsinin səbəbi Gəncə hadisələri ilə bağlı digər şəxslərin barəsində ədalətsiz məhkəmə hökmləridir.

“Müdafiə etdiyim Yunis Səfərov hesab edir ki, həmin şəxslərlə bağlı məhkəmə hökmləri ədalətsizdir. Çünki həmin şəxslər bilavasitə onunla birgə hadisələrdə iştirak etməyib. Onların silahı olmayıb. Yunis Səfərov cinayəti törətmək üçün bir müddət silah axtarıb, tapa bilməyib. Daha sonra bir polisə hücum çəkərək onun silahını əlindən alıb və cinayəti törədib. Həm ibtidai isitintaqda, həm də birinci instansiya məhkəməsində bildirmişdilər ki, əgər onların əlində başqa silahlar olubsa və bir mütəşəkkil dəstə var idisə, bunlar niyə cinayəti müstəqil olaraq həyata keçirməyiblər,” vəkil Hacıyev bildirib.

Məhkəmə prosesində mühakimə olunan şəxslərdən Firudin Zeynalov, Mahir Əzizov və Vüqar Məmmədov çıxış edib. Onlar çıxışları zamanı özlərini təqsirli bilmədiklərini və bütün ittihamların əsassız olduğunu bildiriblər.

Növbəti məhkəmə iclası fevralın 9-dək təxirə salınıb.

2021-ci il avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərovu ömürlük həbsə məhkum edib.

Yunis Səfərov son sözündə deyib ki, əməlindən peşman deyil.

Məhkəmənin hökmü ilə bu cinayət işi üzrə günahlandırılan Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizov 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahov 19 il, Cəfər Zalov və Ceyhun Qurbanov isə 18 il həbsə məhkum edilib.

2018-ciil iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb.

Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

XS
SM
MD
LG