Accessibility links

Jurnalistin həyat yoldaşı: Poladın əlləri gömgöy idi, titrəyirdi


Polad Aslanov
Polad Aslanov

Xeberman.com saytının həbsdə olan baş redaktoru Polad Aslanov Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində 18 gündür aclığı davam etdirir.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova dünən, yanvarın 22-də onunla görüşüb.

“Polad dünən mənə bildirdi ki,"ya öləcəm cəsədim buradan çıxacaq, ya da Ali Məhkəmə ədalətli qərar verəcək və məni azadlığa buraxacaq. Əgər Ali Məhkəmə də mənim hüquqlarımı pozarsa, azadlığa buraxmazsa aclıq aksiyasını davam etdirəcəm. Onu zorla qidalandırmağa qalxarlarsa özünə qəsd edəcəyini dedi," Aslanova qeyd edib.

Onun sözlərinə görə, Polad qanında şəkərin səviyyəsinin demək olar ki, yarıdan çoxunu itirib.

Çox halsız idi. Mən danışırdım o isə başını masaya qoyub çox halsız vəziyyətdə dinləyirdi. Artıq fikrini ifadə etməkdə çətinlik çəkir, diqqəti yayınır, əsəbləri çox gərgindir. Çox arıqlayıb. Günahsız əzizini bu vəziyyətdə görmək çox ağırdır.
Gülmirə Aslanova, jurnalistin həyat yoldaşı

“Onun əlləri gömgöy idi, titrəyirdi. Çox halsız idi. Mən danışırdım o isə başını masaya qoyub çox halsız vəziyyətdə dinləyirdi. Artıq fikrini ifadə etməkdə çətinlik çəkir, diqqəti yayınır, əsəbləri çox gərgindir. Çox arıqlayıb. Günahsız əzizini bu vəziyyətdə görmək çox ağırdır. Həkim mənə dedi ki, Polad bu durumda 3-4 gün tab gətirə bilər, aclığı dayandırmasa komaya düşə bilər. Polad Aslanovun aclığ aksiyası birbaşa Ədliyyə Nazirliyinin diqqətindədir. Amma açıqlama verə bilmirlər. Ölsə təsdiq edəcəklər,” Gülmirə Aslanova Amerikanın Səsinə deyib.

Öz növbəsində, Penitensiar Xidmət Polad Aslanovun səhhəti ilə bağlı hələ məlumat yaymayıb.

Fevralın 3-də Ali Məhkəmədə Polad Aslanovun kassasiya şikayətinə baxılacaq.

Baş prokuror Kamran Əliyev yanvarın 17-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul edib.

Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, baş prokuror Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə obyektiv baxılacağını və ədalətli qərar veriləcəyini deyib.

Baş prokuror Kamran Əliyev həmçinin aclıq aksiyasının Polad Aslanovun səhhətinə ziyan verdiyini, bundan narahat olduğunu və aksiyanı dayandırmasını istədiyini bildirib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Yanvarın 22-də Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə bildirib ki, Polad Aslanovun işi çox ciddidir.

“Biz Polad Aslanovun işini izləyirik. Təəssüflər olsun ki, Azərbaycanda xüsusən də penitensiar sistemdə vəziyyət o qədər acınacaqlıdır ki, aclıq aksiyası həbsdə olan siyasi məhbusların, o cümlədən jurnalistlərin diqqəti öz işlərinə cəlb etmək, hüquqları uğrunda mübarizə aparmaq üçün az qala yeganə çıxış yoluna çevrilib,” o qeyd edib.

XS
SM
MD
LG