Accessibility links

“Media haqqında” qanuna etiraz aksiyası zamanı jurnalistlərdən biri xəsarət alıb


Nərgiz Absalamova aksiya zamanı
Nərgiz Absalamova aksiya zamanı

Dekabrın 28-də Milli Məclisin binası qarşısında “Media haqqında” yeni qanun layihəsinə etiraz aksiyası zamanı, aksiya iştirakçısı, müstəqil jurnalist Nərgiz Absalamova xəsarət alıb. Həkim rəyinə əsasən, onun büzdüm sümüyü sınıb və əzələsinə batıb.

“Aksiya zamanı şüar səsləndirərkən qadın polis əməkdaşı boğazımdan yapışaraq məni itələdi. Bu zaman digər jurnalistlər məni müdafiə etməyə başladı. Polislər həmin jurnalistlərə də güc tətbiq edərək itələdi. Hamımız yol kənarındakı bardurun üzərinə yıxıldıq. Mən altda olduğumdan bardur belimə dəydi və zədə aldım. İndi həkim üç həftə yataq rejimi yazıb. Evdə müalicəmi davam etdirirəm,” Nərgiz Absalamova Amerikanın Səsinə deyib.

Vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, jurnalistin xəsarət alması ilə bağlı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəyi var.

“Mən vəkil kimi daxili işlər nazirinə, baş prokurora, onun müavininə, Ombudsmana, Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzinə” müraciət etmişəm. Eyni zamanda Bakı şəhər Səbail rayon Prokurorluğuna şikayət etmişəm. Şİkayətdə jurnaistə xəsarət yetirilməsi faktı ilə bağlı cinayət işinin başlanılmasını, ona xəsarət yetirən Çevik Polis Alayının qadın əməkdaşının və digər polislərin cinayət işi üzrə məsuliyyətə cəlb edilməsini xahiş etmişəm,” vəkil qeyd edib.

Nərgiz Absalamova ilə bağlı həkim rəyi
Nərgiz Absalamova ilə bağlı həkim rəyi

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə zamanı heç bir jurnalistə xəsarət yetirilməyib.

“Polislər aksiya iştirakçılarının təhlükəsizliyini çox səliqəli təmin edib. Xanım iddia edir ki, onurğası zədələnib. Deyim ki, o cür xəsarət alan hərəkət edə bilməzdi. O sümük insanın qamətini saxlayır. O qız həqiqətən elə ciddi xəsarət almış olsaydı, onu birbaşa xəstəxanaya çatdırardılar. Yenə də deyirəm, aksiyada nəinki kiminsə sümüyü sınıb, heç burnu qanayan da olmayıb. Ancaq yenə də deyim ki, əgər xanımın əlində sübutu varsa, müraciət etsin, araşdıraq,” o qeyd edib.

Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında ikinci oxunuşda qəbul edilən "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib.

Jurnalistlər “Mürtəce qanuna yox!”, “Azad mətbuat!”, “Reyetsrini də götür get!", "Azad mətbuat", kimi şüarlar səsləndirib. Bundan əlavə, aksiya iştirakçıları “free media” yazılmış tibbi maskalar taxıb. Aksiyaya polislər müdaxilə edib, şüarları aksiya işrirakçılarının əlindən alaraq cırıb, jurnalistləri parlamentin binasının qarşısından sıxışdırıb.

"Media haqqında" yeni qanun layihəsi

Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb. Bu anadək sənəd ictimai müzakirələr üçün açıq olmayıb. On gün müddətində Milli Məclis qanun layihəsini iki oxunuşda qəbul edib.

Dekabrın 9-da Medianın İnkişafı Agentliyi bildirib ki, “Media haqqında” yeni qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılmasını nəzərdə tutur.

Yerli medianın məlumatına görə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Hökumət rəsmiləri jurnalistlərin hüquqlarının müdafiə edildiyini, onların sosial müdafiəsinin təşkil edildiyini deyir.

Bununla yanaşı, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan mediası

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

XS
SM
MD
LG