Accessibility links

Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü başlayıb


Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü başlayıb
Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü başlayıb

Noyabrın 26-da Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü başlayıb. Görüşün açılış hissəsi sosial şəbəkələrdə canlı yayımlanıb.

Görüş 10 noyabr 2020-ci ildə Atəşkəs Bəyannaməsinin imzalanması və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırlmasının ildönümünə təsadüf edir.

Görüşü açan Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinə onun dəvətini qəbul etdiklərinə görə təşəkkürünü bildirib və ötən ilə yekun vurmalı olduqlarını deyib.

İlham Əliyev Rusiya sülhməramlılarının və bütünlükdə Rusiyanın regionda fəaliyyətini yüksək qiymətləndirib, ötən il ərzində Qarabağda ciddi insidentlər olmadığını qeyd edib.

"Azərbaycan-Ermənistan sərhədi haqqında bunu demək olmaz, amma bu, bir qədər fərqlidir," o qeyd edib.

Əliyev deyib ki, ümumilikdə regionda vəziyyət sabit olaraq qalır. İl ərzində həll edilməsi mümkün olmayan prioritetlər arasında o, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini qeyd edib.

"Bu məsələləri həll etdikdən sonra sülh müqaviləsi üzərində işə başlaya, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıya bilərdik," Əliyev bildirib.

Öz növbəsində, Paşinyan vəziyyətin sabitliyi məsələsində Əliyevlə razı olmadığını bildirib. Belə ki, "mayın 12-dən Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə "nüfuz edib", bu da sərhəddə "böhrana" gətirib çıxarıb", deyə o bildirib.

Paşinyan razılaşmaların bir çox bəndlərinin həll edildiyi ilə də razı olmadığını deyib. Xüsusən, "girovlar və saxlanılan şəxslər" məsələsi qalır, deyən Paşinyan "hərbi əsir" terminindən istifadə etməyib.

Ermənistan baş naziri sərhəddə delimitasiya və demarkasiya prosesinə başlamağa və kommunikasiyaların açılması məsələsini həll etməyə hazır olduğunu təsdiq edib.

Dağlıq Qarabağ nizamlanmasına gəlincə, Ermənistan ATƏT-in Misnk Qrupunda, habelə ikitərəfli səviyyədə müzakirələrin tərəfdarıdır.

Bununla əlaqədar o, Yerevanın Bakı ilə birbaşa əlaqələrə hazır olduğuna işarə edib.

"Konkret həllərə başlamaq vacibdir," Paşinyan bildirib.

Cavab olaraq Vladimir Putin kommunikasiyaların açılmasının prioritet olduğunu, bütün region ölkələrinin bunda maraqlı olduğunu, həmçinin delimitasiya və demarkasiyanın prioritet olduğunu, "bu barədə razılıq əldə edildiyini" deyib.

O, ölkələrin ikitərəfli əlaqələrə başlamağa habelə digər beynəlxalq meydanlarda əlaqələrə hazır olmasını alqışlayıb.

Rusiya prezidentinin mətbuat xidməti bundan öncə üç ölkə liderinin görüşünün noyabrın əvvəllərində olacağı barədə məlumat yayıb. Lakin bu görüş baş tutmayıb.

Bundan sonra Avropa İttifaqı rəhbərinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Əliyev ilə Paşinyanın görüşü barədə razılıq əldə olunub.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 21-də telefon danışığı baş tutub, Dağlıq Qarabağ ətrafındakı vəziyyət və onun stabilləşdirilməsi üzrə tədbirlər müzakirə edilib.

Bundan öncə telefon söhbəti zamanı isə Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində ciddi döyüşlərdən sonrakı vəziyyəti və Paşinyanın Putinə hərbi yardım üçün müraciətini müzakirə edib.

Vladimir Putinin təşəbbüsü ilə üç ölkə liderinin noyabrın əvvəllərində baş tutmayan görüşündən sonra, noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginliyin artdığı müşahidə edilib. Noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib.

Tərəflər döyüşlərin başlamasına görə bir-birini günahlandırıb. Nəhayət, tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşi dayandırıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 6 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb, 18 əsgərinin taleyi məlum deyil.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.

“Bu görüşdə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və bu çərçivədə görülən işlərin gedişatı müzakirə edilib,” Rusiya hökumətinin məlumatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG