İran Azərbaycanının Təbriz şəhərində yaşayan Yusuf Sələhşur və Əmir Səttari məhkəmə tərəfindən həbs, qamçı və cərimə cəzasına məhkum edilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Təbrizdə ərəblərə dəstək mitinqi ilə əlaqədar həbs edilən Əmir Səttari 91 gün həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib. Həmin etirazlarla əlaqədar həbs edilən digər milli fəal Yusuf Sələhşurə 37 qamçı vurulmalı və 20 milyon 200 min tümən cərimə ödəməlidir.
Hökmlər Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən çıxarılıb. Bu məhkəmə Əmir Səttarini "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı və Yusuf Sələhşuru "insanları zorakı hərəkətlərə təhrik etmək" və "qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq" ittihamı ilə suçlu tanıyıb.
Məhkəmənin verdiyi hökmə görə, Əmir Səttariyə verilən həbs cəzasının 50 günü 2 il müddətinə şərti olaraq dayandırılıb.
Güneyli milli fəal Əmir Səttari iyul ayının 22-də və Yusuf Sələhşur isə iyulun 25-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər.
Həbs edilən bu milli fəallar dindirilmək üçün ilk öncə Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına aparılıb, bir neçə gün sorğu-sual ediləndən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdülər.
Yusuf Sələhşur avqustun 14-də və Əmir Səttari avqust ayının 15-də girov qarşılığında müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.
Əmir Səttari və Yusuf Sələhşur daha öncə də apardıqları dinc fəaliyyətlərə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs və İran məhkəmələrində mühakimə olunublar.
İranın Xuzistan vilayətində yaşayan ərəb icmasının iyulun 15-dən başladıqları etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin aksiya keçirən etirazçılara atəş açdıqları bildirilmişdi. Amensty International təşkilatının hesabatına görə, Xuzistanda ən az səkkiz etirazçı öldürülmüşdü.
İran Azərbaycanında milli fəallar ərəblərə dəstək məqsədilə şəhərdə vərəqələr yayaraq xalqı dinc mitinq keçirməyə dəvət etmişdi. İyulun 24-də Təbrizdə baş tutan etiraz mitinqi zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı.