İran Azərbaycanında zaman zaman tarixi abidələr və binaların məhv olmaq üzrə olduğu və baxımsız şəkildə buraxıldığı haqda xəbərlər yayılır.
İran Azərbaycanında, xüsusilə Təbrizdə məhv edilmiş tarixi binalar və abidələr, habelə hazırda günümüzə qədər nisbətən sağlam qalan binaların durumu haqda Amerikanın Səsinə danışan siyasi fəal Məcid Araz tarixi binaların təxrib edilməsinin sistemli xarakter daşıdığını düşünür.
Məcid Araz Təbrizdə Bağ-ı Şimal və ya Şazda Bağı adlı bağda inşa edilmiş köşk-saraylar və binaların məhv edildiyini və artıq ondan günümüzdə sadəcə bir məhəllə adı kimi qaldığını deyib. “Təəssüflə Rza Pəhləvi hakimiyyətə gələndən sonra bu bağ tamamilə ortadan qaldırıldı. Bağın sadəcə içindəki köşklər və saraylar deyil, bağın ağacları və yaşıl sahəsi, qapıları və darvazaları, şurları və hisarları tamamilə ortadan qaldırıldı” - deyə, milli fəal bildirib.
Araz qədim Təbriz şəhərinin mərkəzində inşa edilmiş Alaqapı Sarayının da Pəhləvi hakimiyyəti dönəmində addım-addım məhv edildiyini söyləyib.
Keçən il Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin müavini Təbrizin tarixi binalarının 90 faizindən çoxunun məhv edildiyini, qalan 10 faizinin isə məhv olmaq üzrə olduğunu demişdi. Məcid Araz Təbrizdə günümüzə qədər nisbətən sağlam qalan tarixi evlərin şəxsi sahibləri olduğu səbəbindən dolayı xilas olduqlarını deyir.
Siyasi fəal Araz İranda Qacar sülaləsinin devrilməsindən sonra Rza Pəhləvinin qüdrətə gəlməsilə İranda fars milliyətçiliyinin “rəsmi hakim ideologiya”ya dönərək ölkədə “ anti-türk və anti-ərəb mədəni soyqırım dövrü” başladığını irəli sürüb.
Türkiyədə yaşayan güneyli siyasi fəal İran Azərbaycanının Urmiyə və Təbriz kimi şəhərlərin tarixi hissəsi üzərində yeni binaların inşa edilməsinə həmçinin İranın ərəb icmasıının sıx yaşayıdı Əhvaz bölgəsinə toxunaraq, bunu “Azərbaycan, türk və ərəb dövlətçilik tarixini kültür mədəniyyətini ortadan qaldırmaq və məhv etmək” hədəfilə həyata keçirildiyini deyib.
O, həmçinin 1979 İran İnqilabında sonra təsis edilən İran İslam Respublikasının ümumiyyətlə kültür, mədəniyyət və incə sənətlə barışıq olmayan bir hakimiyyət olduğunu söyləyib. Məcid Araz düşünür ki, zaman keçdikcə İran hakimiyyətinin siyasətləri sabiq Pəhləvi şahlığına bənzəyir. “Ümumiyyətlə qəbul edirəm ki, İranda kültürə, mədəniyyətə və sənətə xoş münasibət yoxdur, amma burada türklərə, ərəblərə və qeyri-farslara ayrı-seçkilik və təzyiq mövcuddur.”
“Bu gün biz Təbrizdə baxırıq görürük Ərk Qalasına Həsən Padişah Meydanına, bir çox Karvansaraylara və ya Urmiyədə bir çox əsərləri Pəhləvilər zamanından indiyədək baxımsız qoyurlar, bina dağılır. Bu isə bu politikanın bəlli bir qismidir”- deyə o bildirib.