Accessibility links

Ekspert: Qiymətlərin qaldırılması sanki dövlət siyasətinə çevrilib


Bəzi təhlilçilər hesab edirlər ki, qiyməti qaldırmamaq və indiki pandemiya dövründə dolanışığı zəifləmiş əhalini qorumaq olardı.

Əhaliyə verilən təbii qazın qiyməti iyunun 30-da artırılıb. Belə ki, əhali qrupu üçün güzəştli limit 2200 kubmetrdən 1200 kubmetrə endirilib.

İqtisadçı Natiq Cəfərli hesablayıb ki, keçən il əhali qrupunun təqribən 20 faizi 2200-lik həddi keçmişdi.

Onun fikrincə, limit 1200-ə salınandan sonra hər üç ailədən ikisi bundan təsirlənəcək.

“Qeyri-şəffaf” SOCAR deyir ki…

Başqa br iqtisadçı Zöhrab İsmayıl isə hesab edir ki, dövlət neft şirkəti SOCAR, qiyməti qaldırmadan, başqa mənbələr hesabına öz xərclərini azalda bilərdi:

“SOCAR-ın satınalmaları şəffaf deyil, ona görə də maya dəyəri şişir, bundan başqa səmt qazından daha səmərəli istifadə oluna bilərdi”.

SOCAR Azərbaycanın əsas neft-qaz istehsalçısıdır və özünün tabeliyindəki "Azəriqaz" İstehsalat Birliyi vasitəsilə təbii qazı əhaliyə satır.

Azəriqaz-ın şöbə müdiri Teymur Cəfərov isə iyulun 1-də APA informasiya agentliyinə deyib ki, qiymətləri qaldırmaqdan məqsəd bazar iqtisadiyyatına keçid, xidməti yaxşılaşdırmaq, dövlət subsidiyalarını azaltmaq olub:

"Bu, zamanın tələbidir ki, bazar iqtisadiyyatı formalaşdırılmalı və müəyyən xərclər optimallaşdırılmalıdır. Bununla bağlı tarifə yenidən baxılması zərurəti çoxdan yaranmışdı. Yeni tarif bir günün içində qəbul edilməyib, uzunmüddətli iqtisadi təhlillər aparılıb və mən deyə bilərəm ki, hazırda tətbiq olunan dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinin mənafeyinə cavab verən daha optimal modeldir.

Hakimiyyətin başqa planları var?

ABŞ-da iqtisadiyyat professoru Qubad İbadoğlu isə deyir ki, kommunal xidmətlərin son günlər qaldırılması sanki dövlət siyasətinə çevrilib. Onun fikrincə, əslində qiymətləri qaldıran hökumətin məqsədi bu sahələrin özəl investorlara satılması planıdır:

“Kommunal xidmətlərin həyata keçirən qurumlar yeni investora təqdim edilənə qədər qiymətlər artırılır ki, qəzəb yeni investora yönəlməsin”.

Qubad İbadoğlu bildirir ki, qiymətlər qaldırılsa belə, qazın keyfiyyəti yaxşılaşmır, dəm qazından boğulmalar Azərbaycanda problem olaraq qalır.

Azərbaycanda kommunal xidmət sahələrinin özəlləşdirilməsi təklifi illərdir beynəlxalq qurumların tövsiyələrində də səslənir.

Əksər inkişaf etmiş ölkələrdə elektrik, qaz, su təchizatını özəl şirkətlər həyata keçirirlər və onlar bir qayda olaraq xidmətin keyfiyyətinin yüksəldilməsi, qiymətlərin optimallaşdırılması üçün mübarizə aparırlar.

Amma Azərbaycanda bu sahələr dövlət şirkətlərinin əlindədir. Onlar əhaliyə elektrik, qaz, su satsalar da bir qayda olaraq kəsirlə işlədiklərini bildirib dövlət büdcəsindən yardımlar alırlar.

Yerli və xarici media orqanlarında Azərbaycanda da kommunal xidmət sahələrinin özəlləşdirilə biləcəyi barədə vaxtaşırı xəbərlər dolaşsa da hələlik hökumətin bu sahədə hər hansı açıqlaması yoxdur.

XS
SM
MD
LG