Accessibility links

Cəlal Rövşən: Xameneyi üçün seçkilərdə iştirak səviyyəsi növbəti prezidentin kim olmasından daha önəmlidir


Siyasi şərhçi Cəlal Rövşən Amerikanın Səsinə müsahibədə deyir ki, İran İslam Respublikasının hazırkı vəziyyətində Seyid Əli Xameneyi başda olmaqla, hakimiyyətə yaxın qruplar üçün əhalinin qarşıdan gələn prezident seçkilərində yüksək iştirakı, Həsən Ruhanidən sonra gələcək prezidentin kim olmasından daha önəmlidir.

“Əlbəttə ki, siyasi qruplar üçün kimin prezident olması önəmlidir. Əlbəttə ki, mühafizəkarlar bunu istərlər ki, reformist bir prezidentdən sonra onlara yaxın bir şəxs prezident olsun. Ancaq bundan daha önəmlisi ölkənin indiki durumunda seçkilərdə iştirakın yüksək olmasıdır,” siyasi şərhçi söyləyir.

İslam Cümhuriyyəti indi çox ağır vəziyyətdədir. Məşruiyyət sıxıntısı yaşayır. Hakimiyyət içində olan siyasi kəsimlər bir ağızdan deyirlər ki, indiki vəziyyətdə kimin prezident olmasından daha çox insanların qatılması önəmlidir.

Onun sözlərinə görə, “İslam Cümhuriyyəti indi çox ağır vəziyyətdədir. Məşruiyyət sıxıntısı yaşayır. Həm islahatçı kəsim, özəlliklə də mühafizəkar kəsim bir ağızdan deyirlər ki, indiki vəziyyətdə kimin prezident olmasından daha çox insanların qatılması önəmlidir. Çünki bu, içəridə və dışarıda bir məşruiyyət bolşuluğunu doldurmaq yönündə İran hakimiyyəti üçün bir can suyu olacaqdır. Bu, hakimiyyət üçün və ən başda hakimiyyətin başında olan Xameneyi üçün önəmlidir.”

Cəlal Rövşən mühafizəkar cəbhəyə mənsub qrupların İran Məhkəmə Hakimiyyətinin hazırkı sədri İbrahim Rəisinin namizədliyi barəsində həmfikir olduqlarını söyləyir. Onun fikrincə, islahatçı cəbhədə çox bölünmələr olsa da “hazırkı Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif namizəd olsa, digər islahatçı namizədlərin hamısı onun lehinə kənara çəkilər.”

İki həftə əvvəl Cavad Zərifin bir səs yazısının sızdırılması İranın siyasi mühitində qalmaqala səbəb oldu. Zərif bu səs yazısında o cümlədən, keçən il ABŞ-ın dron hücumu nəticəsində İraqda öldürülən İran generalı Qasım Süleymaninin bəzi fəaliyyətlərini tənqid edib.

İranın ali dini lideri daha sonra Cavad Zərifi sərt bir dillə tənqid edərək, onun ifadələrinin “təəssüf və təəcüb doğurduğunu” və “düşmənlər və Amerikanın sözlərinin təkrarı” olduğunu irəli sürdü.

Xameneyinin ictimaiyyətə açıq bir şəkildə Zərifin əleyhinə danışması, məncə, ictimaiyyəti yönləndirmə və bir müxalifət yaratma çabası ola bilər ki, seçkilərdə iştirakı çoxaltsın

Cəlal Rövşən deyir ki, “İranın hakimiyyət sistemində bir müxalifətə gərək var. O, müxalifət də hakimiyyət tərəfindən yaradılır ki, bir həyəcan yaratsın və insanları bu həyəcanla sandıq başına gətirsin. Onlar indiyə qədər bundan öz məşruiyyət boşluqlarını doldurmaq üçün ən gözəl istifadəni ediblər. Cavad Zərif də islahatçı cəbhənin üzərində həmfikir ola biləcəyi bir fiqurdur. Xameneyinin ictimaiyyətə açıq bir şəkildə onun əleyhinə danışması, məncə, ictimaiyyəti yönləndirmə və bir müxalifət yaratma çabası ola bilər ki, seçkilərdə iştirakı çoxaltsın. Yəni baxın, bir müxalifət də var.”

Siyasi şərhçi ABŞ və İran arasında nüvə razılığını canlandırmaq yönündə qeyri-müstəqim danışıqların davam etməsinə diqqət çəkərək əlavə edir ki, “Xameneyi əslində Cavad Zərifinin prezident seçilməsinə razı ola bilər. Daha doğrusu məcbur ola bilər. Yəni, belə olsa, mən çox təəccüb etmərəm.”

XS
SM
MD
LG