Birləşmiş Ştatların Kolorado ştatının polisi bazar ertəsi Boulder şəhərində ərzaq mağazasında baş verən atışma ilə əlaqədar çərşənbə axşamı 21 yaşlı şübhəliyə qarşı 10 qətl ittihamının irəli sürüldüyünü bildirib.
Boulder Polis İdarəsinin rəisi Maris Herold mətbuat konfransında şübhəli Əhməd Əl Əlivi Əlissanın insident zamanı ayağından aldığı xəsarət səbəbilə yerli xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin isə stabil olduğunu bildirib. Onun çərşənbə axşamı xəstəxanadan Boulder Mahal Həbsxanasına köçürüləcəyi gözlənilir.
Herold həmçinin qurbanların adlarını açıqlayıb. Onların arasında Boulder Polis İdarəsinin zabiti Erik Talli var. Herold Tallinin hadisə yerinə gələn ilk zabitlər arasında olduğunu və onun şübhəli ilə bir-birilərinə qarşılıqlı atəş açdığını bildirib. İnsident zamanı başqa heç bir polis işçisi xəsarət almayıb. Digər doqquz qurbanlar isə 20 ilə 65 yaş arasında insanlardır.
Hadisə yerində çəkilən şəkil və videolarda şübhəlinin əlləri qandallı, köynəksiz və ayaqqabısız halda polis tərəfindən aparıldığı göstərilir.
Associated Press-ə güllələmə ilə bağlı məlumat verən hüquq-mühafizə rəsmisi silahlı şəxsin AR-15 tüfəngindən istifadə etdiyini bildirib. Rəsmi AP-yə bildirib ki, onlar şübhəlinin silahı haradan aldığını müəyyən etməyə çalışırlar. Rəsminin ictimaiyyətə açıqlama verməsinə icazə yoxdur və o, AP-yə məlumatları adının anonim qalması şərtilə verib.
Polis şübhəli şəxsin saxlanıldığı zaman polisə bir neçə açıqlama verdiyini bildirib, lakin onlar həmin açıqlamaların təfərrüatlarını bölüşməyiblər. Polis hücumun səbəbinin də müəyyən olmadığını söyləyib.
Koloradoda son zamanlarda bir neçə kütləvi atışma baş verib. Buna 2012-ci ildə Avrora şəhərinə kinoteatra hücum və 1999-cu ildə Kolumbin şəhərində məktəbə hücum daxildir.
Bazar günü Boulderdə hücum isə Atlanta yaxınlığında səkkiz nəfərin ölümü ilə nəticələnən üç biznesə hücumdan bir həftə sonra baş verib. Bu, ABŞ-da bu il yeddinci kütləvi qətl hadisəsidir.