Senatda keçmiş Prezident Donald Trampın ikinci tarixi impiçement məhkəməsində Nümayəndələr Palatasının impiçment üzrə menecerləri arqumentlərini təqdim edərək, Trampın Co Baydenin prezident seçkilərində qələbəsinin təsdiq edilməsinin qarşısının alınması cəhdinə görə birbaşa məsuliyyət daşıdığını bildirib.
Demokrat konqresmen Hoakin Kastro: “Gəlin dünyaya göstərək ki, 6 yanvar Amerika deyildi.”
İmpiçment menecerləri keçmiş prezident Donald Trampın iğtişaşlara görə birbaşa məsuliyyət daşıdığına dair arqumentlərini təqdim etdiyi zaman indiyə qədər göstərilməyən video görüntülərdə yanvarın 6-da Kapitoli binasının daxilində baş vermiş zorakılıqların dolğun bir mənzərəsini əks etdirən səhnələr nümayiş etdirilib.
Nümayəndələr Palatasının impiçment üzrə meneceri Ceymi Raskin: “Biz sübut edəcəyik ki, impiç edilmiş prezident davranışı tamamilə uyğun olan və gələcək prezidentlər üçün standart ola biləcək günahsız bir seyrçi olmayıb, o bu hücuma təhrik edib və bunu əvvəlcədən düşünüb.”
İmpiçment menecerləri Trampın iğtişaşlardan öncə keçirdiyi yürüşün ayrıca bir hal olmadığını, bunun seçki saxtakarlığına dair aylarla davam edən iddialar və tərəfdarlarının seçki prosesinə hücuma təhrik etməsinin kulminasiyası olduğunu bildiriblər.
Nümayəndələr Palatasının impiçment üzrə menecerləri Trampın seçki prosesi ilə bağlı qaldırdığı iddiaların iğtişaşlardan bir neçə həftə əvvəl ABŞ məhkəmələrində təmin olunmadığını qeyd ediblər.
Demokrat nümayəndə Madlen Din: “Heç bir məhkəmə, bir hakim seçki nəticələrinin etibarsız olduğuna və ya etibarsız elan edilməsinə razı olmayıb.”
Onlar keçmiş prezidentin Co Baydenin qalib olduğunu təsdiq edən demokratik prosesi dayandırmaq üçün tərəfdarlarına müraciət etdiyinin nümayiş etdirildiyini söylədikləri dəlilləri təqdim ediblər.
Demokrat nümayəndə Steysi Plaskett: “Yanılmayın, Prezident Tramp sadəcə zorakılığı qabaqcadan düşünməyib, o, zorakılığa şüurlu olaraq təşviq edib.”
Tənqidçilər Trampın vəkillərinin iddialarını əsaslandırmaq üçün çətinlik çəkdiyini desələr də, Trampın mühakimə olunacağı ehtimalı azdır, belə ki, onun müqəssir tanınması üçün 17 respublikaçı senator Demokratlara qoşulmalıdır.
“Onlar keçmiş prezidentə özlərini borclu bilir. Onlar siyasi taleyinin Trampın seçicilərindən özlərinin Senata seçkilərində xüsusilə də Respublikaçı ştatlarda onlara səs verməsindən asılı olduğunu görürlər və buna görə də Nümayəndələr Palatasının (impiçment) menecerlərinin məhkəməyə gətirdiyi dəlillərə baxmayaraq, Respublikaçıların böyük hissəsi onlara əhəmiyyət verməyəcək və yenə də prezidentə bəraət qazandırmaq üçün səs verəcək”, Brukinqs İnstitutunun təhlilçisi Con Hudak bildirib.
Senatda yekun səsvermə ən erkən bu həftə sonu keçirilə bilər. İmpiçment məhkəməsinin nəticəsi Trampın federal hökumətdə yenidən vəzifəyə seçilməsi şanslarını risk qarşısında qoya bilər.