Accessibility links

Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi açılıb


Türkiyə-Rusiya Monitorinq Mərkəzi
Türkiyə-Rusiya Monitorinq Mərkəzi

Şənbə günü Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdam rayonunda fəaliyyətə başlayıb.

Mərkəzin açılış mərasimində Azərbaycan Müdafiə Naziri Zakir Həsənov, Türkiyə Müdafiə Nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya Müdafiə Nazirinin müavini Aleksandr Fomin iştirak edib.

Mərkəzin yaradılması Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında razılaşdırılıb.

Türkiyə-Rusiya Monitorinq Mərkəzində 60 rus və 60 türk hərbçinin çalışacağı nəzərdə tutulur. Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə General-Mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə General-Mayor Viktor Fedorenko rəhbərlik edir.

Türkiyə-Rusiya Monitorinq Mərkəzi
Türkiyə-Rusiya Monitorinq Mərkəzi

Mərkəz üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinə və atəşkəsə nəzarət edəcək.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə ötən il noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Birgə bəyanatda həmçinin hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması əksini tapıb.

XS
SM
MD
LG