Accessibility links

Xarici İşlər Nazirliyinin keçmiş vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb


DTX XİN-də əməliyyat aparıb
DTX XİN-də əməliyyat aparıb

Dekabrın 26-da Bakının Səbail Rayon Məhkəməsi hakim Şəhla Süleymanovanın sədrliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlərini təmin edib.

Hər iki vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) xüsusi əməliyyat keçirib.

DTX-nin məlumatında nazirliyin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əməllərə yol vermələrinə dair şübhələr müəyyən edildiyi bildirilir.

Molla-zadə və Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Abdullayev rüşvət almaqda ittiham olunurlar. Onların barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumatda məhkəmənin qərarı əsasında adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlara baxış keçirildiyi və Xarici İşlər Nazirliynin vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlərin, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillərin aşkarlandığı qeyd olunur.

Fərhad Molla-zadə və Səlim Əlizadənin dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsədiyi, XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət aldığı iddia edilir.

İddialardan biri də şöbə rəisi Nurupaşa Abdullayevin elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi müqabilində müntəzəm rüşvət alması ilə bağlıdır.

Bu cinayət işi üzrə sonradan nazirliyinn daha bir əməkdaşı və avqustun 13-də Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov saxlanılıb.

Xatırladaq ki, bu il iyunun 13-də məhkəmənin qərarı ilə nazirliyin daha iki vəzifəli şəxsi, İlqar Əliyev və Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb. Hazırda fatiki olaraq qaldırılmış cinayət işi üzrə yalnız Eldar Həsənov həbsdə saxlanılır.

XS
SM
MD
LG