Accessibility links

Hulusi Akar: Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək


“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində orada xidmətə başlanılacaq”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər.

Hulusi Akar deyib ki, Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı qarşılıqlı əməkdaşlıq davam etdirilir.

“Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməkliyi Azərbaycana göstərəcək. Sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanındayıq. Buna heç kimin şübhəsi olmasın,” nazir Akar qeyd edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

XS
SM
MD
LG